PYES
ERMƏNİ XƏYANƏTİ
(İki hissəli, dörd şəkilli pyes)
İştirak edirlər:
Tanqut – 50-55 yaşlarında ifallı bir kişi
İnci – həyat yoldaşı
Elturan – oğlu, itkin əsgər
İncə – qızı, tələbə, Seymurun gözaltısı
Seymur – gizir, kəşfiyyatçı
Ağoğlan baba – övliya, ağ saçlı, ağ saqqallı, ağ libaslı pirani qoca
Gülsabah – qonşu qadın, Qərbi Azərbaycan qaçqını. Və digər qonşular
Gövhər – erməni qızı, girov
Babacan – Gövhərin atası
Əsir zənci – erməni muzdlusu
Sarışın saç və onu müşayiət edən şəxs– Qırmızı Xaç Cəmiyyətinin əməkdaşları
Kapitan – bölük komandiri
Baş leytenant – tağım komandiri
Çavuş – manqa rəhbəri
Elvin – nişançı
Şahin - qaytançı
Rabitəçi və digər sıravi əsgərlər
I HİSSƏ
1-ci şəkil
Ağoğlan dağının ətəyindəki talada ayağa çəkilmiş orta çaplı minaatan var. Yanlarında torpaq sipərlər düzəldilmişdi. Sipərlərin həndəvərinə içi boş mərmi yeşikləri atılıb. Minaatıcı bölük döyüş vəziyyətindədir. Sağ əldə bölüyün müşahidə məntəqəsi görsənir. Uzaq yal-yamaclardan, habelə Ağoğlan dağının Ağbuta gədiyindən və zirvəsindəki Ağoğlan məbədinin ətrafından səmaya korun-korun tüstü dumanı qalxır. Havadan yanıq iyi, barıt qoxusu gəlir.
Əsgərlər əllərində üçrəngli bayraq şərqi oxuya-oxuya
səhnə önündən keçirlər
Bizə gəl-gəl deyir cənnət Qarabağ,
Çağırır düşməndən qisas almağa.
Ey Tanrı nişanlı üç rəngli bayraq,
Hazırıq yolunda şəhid olmağa!
Nəqarət:
Yaşa Azərbaycan – ey Ana Vətən!
Var ol, Azərbaycan – ey Ana Vətən!
Kapitan əlində durbin əsgərlərə yanaşır.
Kapitan – Bəli, düşmən cavabını aldı. Arı yuvasına çöp uzatmağın ləzzətini daddılar. Tısbağa kimi qınına çəkildilər. Görürsünüzmü iki gün olar, səngərdən bayıra ayaq basmırlar. Amma düşmən hiyləgər və məkrlidir. Sayıqlığı bir an belə itirmək olmaz. Bir də atəşkəsi pozmağa cəhd göstərsələr, gərək onlara elə bir ibrət dərsi verək, elə bir zərbə endirək ki, bir daha baş qaldıra bilməsinlər, biryolluq sussunlar.
Qaytançı – Heyif deyil düşmənin olanda da mərdindən ola. Yoxsa erməni kimi namərddən, xaindən, qonşu torpağına kəc baxandan nə desən gözləmək olar. Atalar yerində deyib: «Ermənini qapında tanı». Amma biz fərqinə varmadıq. Saqqalı əldən verdik, baş qaldırdılar. Fürsət düşən kimi bizə arxadan zərbə vurdular.
Kapitan – Əlbəttə, erməniyə bel bağlamaq olmaz. Susmalarına baxmayın, elə bil içimizə endeskop sallayıblar. Səhv addım atmağımıza bənddilər. Bir anda yeddi ilin quraqlığında qalmasına baxmayaraq nəm görən çayır otu kimi qulaq dikəldirlər.
Qaytançı – «İtlə dost ol, amma çomağını əldən yerə qoyma» məsəlini də atalarımız elə bil erməniləri nəzərdə tutub deyiblər. Nankor qonşularımız vədlərinə həmişə xilaf çıxıblar.
Nişançı – Ə, peysər, sən atalar sözünün canı o çomağı tulla. Topdan, tankdan danış. Artilleriyanı öyrən. Qadasını alım minaatanın. Lap Giziroğlu Mustafa bəyin şeşpəridir, durur.
Kapitan – Bəs nə bilmişdin. Dağlıq ərazidə minaatana əvəz, tay ola biləcək ikinci bir döyüş silahı yoxdu. Kim mərmini hədəfə birinci qoyur, sərrast atırsa, o da udur.
Nişançı – Yoldaş Kapitan, biz hara gəldi, dağa-daşa, yala-yamaca havayı yerdən o qədər korafəhmliklə mərmi-filan tullamışıq, nə sayı-hesabı olub, nə də bir faydası. Başıpozuqluq, bilməməzlik ucbatından nələr itirmədik, nələr əldən vermədik. Allah köməyiniz olsun. Minaatandan istifadə etməyin təhər-tövrünü, yolunu-yolağasını siz bizə öyrətdiniz.
Qaytançı – Ə, çatalbaş, bacardığımız elə o oyudu. Yüz ölçüb, bir biçməkdən yorulurduq. Yenə də top mərmisini nişan verilən yerə tuş ata bilmirdik. Hər dəfə biz yanılırdıq, ermənilər isə həmişə hədəfi döyürdülər?!
Kapitan – Müasir döyüşün canı artilleriyadır. Onun imkanlarını qiymətləndirmədən, ondan istifadə etməyi bacarmadan, öyrənmədən döyüşə atılmaq ağılsızlıqdı. Ermənilər bu sahədəki üstünlüklərindən məharətlə istifadə ediblər, uğur qazanıblar.
Kapitan müşahidə məntəqəsinə gedir.
Qaytançı – Ə, çatalbaş, kapitan nə deyir, düz deyir. Amma yer üzündə ermənidən qorxaq ikinci bir millət tapa bilməzsən. O, əziz çatal başın üçün biz yiyə vay dərdindən uduzduq. Yiyəmiz olmadı. Aşna, aşna dedik. Aşna çıxdı ocaq başına.
Nişançı – Bəs necə peysər, ermənilər uğurlarını bizdə gedən çəkişmələrin, intriqaların, didişmələrin, hakimiyyət davalarının, mal-dövlət hərisliyinin ucbatından əldə etdilər. Hakimiyyətə gələnlər də, hakimiyyətdən gedənlər də millətin əleyhinə işlədilər. Yuxarıdan gələn xəyanətlərin, yalan-palanların qabağında biz sıravi əsgərlər nə edə bilərdik?!
Qaytançı – Ə, çatalbaş, həmrəy olmadıq, biz qara camaatda da az olmadı e. Ədaləti müdafiə edə bilmədik. Haramzadələri, xalqa qənim kəsilənləri yuxarı başa keçirdik. Laqeydlik, biganəlik girdabına yuvarlandıq. Ellikcə məndən ötdü qardaşıma dəydi dedik.
Nişançı – Yox, peysər, atalar sözünü bütöv de. Məndən ötən qardaşıma deyil, elə bildi ki, saman çuvalına dəydi, dedik. Görəsən, bu dünyada bizim qədər tamahına qul olan, burnunun ucundan qabağı görməyən, sadəlövh, əfəl ikinci bir millət varmı?! Dünyasında inanmıram, olmaz, məncə.
Çavuş gəlir.
Çavuş – Ayə, qırışmallar, baş sındırmayın, olsalar da özlərini bizə tay tutmazlar. Torpaq satmaqda bizə çatan olmaz. Bizim dəmgirliyimizdən, başsız başçılara tərif yağdırmağımızdan, qarət dalınca qaçmağımızdan ermənilər hiyləgərcəsinə istifadə etdilər. İşlərini gördülər. İndi də oturublar Rusiyanın qucağında. Rusların imperiya siyasətinə quyruq bulaya-bulaya bizə meydan oxuyurlar.
Qaytançı – Yoldaş çavuş. Arxalı köpək qurd basar. Dişləri qana batıb. Marıqdadılar. Vallah, əllərinə Allah göstərməsin, imkan düşsə, bu məlunlar uf demədən bizim varlığımızı yer üzündən köklü-köməcli silib atarlar. Niyyətləri öz başlarını yesin.
Nişançı – Yoldaş çavüş, nə qədər goreşən burunlarını ovmamışıq, ermənilərin iştahı tük aparacaq. Qabaqlarından qaçdıqca başımızda qoz sındıracaqlar. Acı bağırsaq kimi Qarabağ çözü uzandıqca uzanır. (Qaytançıya tərəf dönür) Ə, peysər, bu mən ölüm elə bil bizdə də bir damar çatışmamazlığı var, e.
Qaytançı – Ə, çatalbaş, yayı çəkib oxunu gizlətmə. O çatışmayan hansı damardı elə, söyləsənə? Eşitməmisən, atalar deyəni: «axsaq atın kor nalbəndi olar».
Nişançı – Vallah, nə dediyimi heç özüm də düz əməlli-başlı anışdıra bilmirəm, ay peysər. O, deyəsən qeyrət damarımızdı. Elə bil hər birimizi sünnət edəndə onu da bizdə artıqdan bilib kəsib atırlar. Qalırıq yaman günlərə.
Qaytançı – Paatonnan, sən bizim müsəlmançılığımızı bir malalıq palçıq edib niyə divara vurursan, ə, çatalbaş? Kəsəsi de ki, dəvənin dərisi eşşəyə yükdür, dana. Qutarsın, getsin.
Çavuş – Ağzınız çox baş aparmasın, əsgərlər, hərzə-hədyan sözlər danışmayın. Bilirsinizmi, anadan elə hərbi iş üçün doğulmuş Napoleon Bonapart nə deyib: «Aslanın başçılıq etdiyi qoyunlar ordusu qoyunun başçılıq etdiyi aslanlar ordusundan qat-qat güclüdür». Biz nəyiksə o da varıq. Günahı millətdə, xalqda axtarmaq lazım deyil. Hər şeyə baiskar bacarmadığı işi öhdəsinə götürən bambılı rütbə sahibləridi. Döyüşdə uduzan xalq deyil, sərkərdələrdi.
Qaytançı – Bir sözlə, meşə çaqqalsız olmaz deyək, vəssalam.
Çavuş – Tutuquşu kimi baş-başa verib sözü çox gəvələməyin. Yoxsa həm özünüzü, həm də məni başdan edəcəksiniz. Tapşırığım var. Sol çiyni üstə düzlən! Farağat! (əsgərlər hərbi komandaları icra edirlər) Hələ ki sakitlikdi. Döyüş sursatımız azalıbdı. Mina daşıyanlara kömək edin. Say hesabı ilə hərəniz ön mövqeyə ehtiyat on döyüş sursatı gətirin.
Nişançı, Qaytançı – (birgə) Oldu!
Çavuş – Azad! Haydı tərpənin.
Nişançı, qaytançı gedir. Kapitan gəlir.
Kapitan– (Çavuşa) Yenə nə olub, əsgərlərlə təlim kesirsən, hərbi dildə davranıb- danışırsan?
Çavuş – Yoldaş Kapitan, mina gətirənlərə köməyə göndərdim. Ağızları baş aparır. Boşboğazlıq etmələri yetər.
Kapitan – Əsgərləri narahat edən nədir elə, çavuş?
Çavuş – Əsgərlərimizi bizim meşələrdə çaqqalların bol olması narahat edir, yoldaş kapitan.
Kapitan – Sözsüz ki, danışmağa haqları var, çavuş. Nəinki super gücə malik maraqlı dövlətlər, hətta iqtidar və müxalifət nümayəndələri belə Qarabağ məsələsinə bir mənalı şəkildə milli mənafedən deyil, şəxsi mənafeləri baxımından yanaşıblar. Gələn sələfinə, gedən xələfinə zərbə vurmaq üçün Qarabağ kartından bir vasitə kimi istifadə edib. Arada qazanan isə ermənilər olub.
Çavuş – Tamamilə doğru deyirsiniz, yoldaş kapitan. Mən döyüşə atılan ilk könüllülərdənəm. Hər gördüyümü, eşitdiyimi açıb ağartsam, danışsam, vallah, yer-göy od tutub yanar. Qarabağ oyunundan kimlər istifadə etmədi, kimlər var-dövlət, səltənət, taxt-tac sahibi olmadı. Ordunu siyasətə qurban verdilər. Qarabağı hərraca qoydular. Qazancımız torpaq itirmək, şəhid vermək oldu. Nə oldu, millətə oldu.
Kapitan – Varı, dövləti olanın Vətəni olmaz, çavuş. Bizimsə borcumuz Vətəni qorumaqdı. Ancaq bu barədə düşün. Nədənsə «Şahin» kəşfiyyat qrupunun susmasından yana çox narahatam. İndiyə kimi onlardan nə üçün bir səs-soraq çıxmasın? Tağım komandirini çağır yanıma, məşvərət keçirək. Baş-başdan ötkün olar.
Çavuş – Oldu, yoldaş kapitan!
Çavuş gedir.
Kapitan – (öz-özünə) Allah! Allah! Milli Ordu haqqında camaat arasında elə mənfi fikirlər, xoşagəlməz rəylər formalaşdırıblar ki, olmayan kimi. Nə yazıqlar ki, xəyanətlərin böyüklüyü də ağlasığmazdı. Adını komandan qoymuş ayrı-ayrı ünsürlər elə nanəcib işlər görüblər, cinayət əməlləri, təxribatlar törədiblər ki, camaatın gözü milli ordudan qorxubdu. Onların Milli Orduya inamları qalmayıb. Fəqət, onların bizə olan həqarətləri hisslərini dağıtmaq, yox etmək üçün hələ çox maneələr dəf etməliyik. Milli Ordu hər şeydən öncə zəfər yürüşləri ilə öz sözünü deməlidir. Nə qədər deməyib, müqəddəs ocaqlarımız yağı tapdağından təmizlənməyib, Azərbaycan əsgəri vətənimizin tacı – gözəl Şuşamızın keşiyində dayanmayıb, şübhəsiz ki, xalq öz ordusunun adı gələndə qürur hissi keçirməyəcək. Orduya inamları olmayacaqdır. Pis əsgər yoxdur, pis komandirlər, komandanlar var. Yoxsa halva-halva deməklə ağız şirin olmaz. Qələbənin şirinliyini Milli Ordu öz xalqına dadızdırsın gərək.
Baş leytenant, çavuş gəlir.
Baş leytenant – Yoldaş kapitan, əmrlərinizi qəbul və icra etmək üçün çağırışınıza gəlmişəm.
Kapitan – Yoldaş baş leytenant, «Şahin»dən yeni kəşfiyyat xəbəri yoxsa, köhnə göstərişlər öz qüvvəsində qalır. Məni narahat edən məsələ kəşfiyyat qrupunun hələ də susmasıdır. Səbəbini bir tərəfə yozub çıxara bilmirəm. Bu barədə nəysə fikirləşməliyik.
Baş leytenant– Yoldaş kapitan, nə kəşfiyyat, nə də rabitə manqalarının reydlərində nəysə gözlənilən, hələ də diqqəti cəlb edəcək hadisələr müşahidə edilmir. «Şahin»lə əlaqə saxlamağa hər an çalışırıq. Efirə səs çıxmır. Düşmən tərəfindən də həyəcan doğuracaq atəş hadisə, yerdəyişmələr, hər hansı bir tərpənti-fılan qeydə alınmamışdır. Tam sakitlikdir. Hər halda gözləməyimiz məsləhətdir.
Kapitan – Yox, Seymur bu hövsələnin yiyəsi deyildi. Görünür ortada ciddi səbəb var. Xoşagəlməz nəyləsə üzləşiblər. Əl-qol aça bilmirlər. Təki düşmən tələsinə düşməsinlər.
Baş leytenant – İndi elə mənim qorxum da ən çox Seymurdan yanadı. Qrupu çılğınlığının güdazına verməsə yaxşıdı. Elturan itkin düşəndən bəri rahatlıq tapa bilmir. Ondan bir xəbər-ətər öyrənmək üçün hər cür risklərə gedə bilər. Keçən həftə görmədiniz onu döyüş meydanından nə zülmlə qopardıq. Elturandan bir iz-filan taparıq deyə lap Ağoğlan məbədinədək qalxmışdı. Erməni istehkamlarının on addımlığında axtarış aparırdı. Atəşkəs müddətinin sona yetməsinə məhəl qoymadan elə irəli can atırdı.
Çavuş – Elturan əlbəttə, can qurban eləməli oğul idi. Halalca kisəmizdən getdi. Nə qədər bölükdə o vardı, əsgərlər qorxu-hülkü nə olduğunu bilməzdilər. Özü də od olmaqla düşmənə qan uddurmaq, Qarabağımızı düşmən tapdağından qurtarmaq istəyində alovlanırdı. Çırpınan qəlbi, həssas ürəyi vardı. İstəməzdi kimsənin ayağına daş dəyə, barmağına tikan bata. Həmişə qabaqda özü gedərdi.
Baş leytenant – Qorxmaz idi, igid idi. Əsl qəhrəman idi, bir bölüyə əvəz döyüşçü idi, hələ də həlak olmağından, əsir düşməyindən bir məlumat əldə edə bilmirik. Elturan kimi ərə-ərənə itkin sözü yaraşmır. Bu kəlmə onun adıyla bir araya sığmır, əsla!
Kapitan – Müharibədir. Hər anın bir hökmü var. Olacaqdı! Ölüm-itim, qəzavü-qədər hər birimiz üçün var. Elturanın fədakarlığı döyüşçü dostlarını xilas etmək yolunda oldu. Özünü deyil, dostlarını düşündü.
Rabitəçi gəlir.
Rabitəçi – Yoldaş kapitan, Elturandan danışırsınız. Qərargahdan isə bizə atası, bacısı barədə xəbər dedilər. Alayın nəzarət-buraxılış məntəqəsindən zəng etdilər ki, Tanqut dayı sizinlə görüşmək istəyir. Ön xəttə can atır. Dedim buraxmasınlar, döyüş vəziyyətindəyik.
Kapitan – (baş leytenanta) Qətiyyən, icazə vermək olmaz, yoldaş baş leytenant. Təkrar göstəriş verin. Bura gəlməyin nə dərəcədə xatalı olmasını onlara izah etsinlər. Minaya düşə bilərlər. Ermənilərə nə var, hər daşın arxasında, hər kol dibində bir snayperçi qız otuzdurublar. «Hər kəs öz yerində» komandası qüvvədə qalır. Hər halda sakitlikdir, bir qədər də gözləyək, dözək. Başqa sözünüz yoxsa, gedə bilərsiniz.
Baş leytenant – Yoxdur, yoldaş kapitan.
Baş leytenant, rabitəçi gedir.
Kapitan – (çavuşa) Kişi rahatlığını tamam-kamal itiribdi. Qalıbdı yollarda. Onu da qınamalı deyil. Yazıq neyləsin. Dağ boyda oğul itkisinə dözə bilmir. Biz də ki, kişiyə bütöv, tam bir cavab verməkdə acizik. Qalmışıq odla su arasında. Tanqut dayı çox ifallı adamdı. Adam üzünə qarşı bir kəlmə artıq-əskik söz deyə bilmir. Xətrinə dəyəcəyindən, inciyəcəyindən qorxursan. Həmişə onunla üz-üzə gələndə ehtiyatla danışıram.
Çavuş – Doğrudan da, Tanqut dayı tamam başqa xasiyyətdə, xislətdədir. Siz demişkən, yazıq neyləsin, gözünün ağı-qarası bircə oğlu vardı. Çətindi dözmək. Bizi də görəndə varlığından olur lap. Oğlunun iyini bizdən alır. Sizləri görməyəndə darıxıram deyir.
Kapitan – Çavuş, qədim filosoflardan biri deyib ki, mənim vətənim qanunlar işləyən ölkədi. Qanun qarşısında hamı eyni məsuliyyət daşıyır, güzəştə yer yoxdur. Xüsusilə, orduda hərbin əlifbası nizam-intizamdan başlayır. Neyləsinlə iş bitmir.
Boş və dolu mina yeşiklərini yerbəyer edib qurtaran,
o biri əsgərlərdən ayrılan qaytançı və nişançı onlara yaxınlaşır.
Qaytançı– Bizdə qanunu birinci elə qanun verənlər pozur, bu mən ölüm. Ona görə də ha yana baxırsan qanunlar qatı açılmamış kağızlardan adama göz bərəldir. Qanunlar işləsəydi, heç dərdimiz olmazdı, çatalbaş!
Nişançı – Peysər, qanunlar öz-özünə əl açıb işləməz ki. Onu əlindən tutub qalxızan, addım atmağa, yeriməyə öyrədən millət, xalq gərəkdi. Mən də millət, xalq adı tutanda bəzi –bəzi adamların acığına gedir.
Qaytançı – Yaxşı bilirəm, çatalbaş, daşı kimin bostanına atırsan! (Göz işarəsiylə çavuşu göstərir) Burda xalqlıq, millətlik bir iş yoxdu. Qanunun aliliyi onda təmin edilmiş olur ki, ədalət gücə deyil, güc ədalətə tabe edilmiş olsun.
Çavuş – Ay qırışmallar, dövlət atributlarının ən başlıcası ordudu. Ordusuz dövlət təməlsiz divardı. Qanunların varlılığının qoruyucusu, son təminatçısı da odur elə. Ordumuz ordu olsa, ərazi bütövlüyümüz də bərpa olunar, qanunlarımızın da aliliyi təmin edilər.
Qaytançı – Bir şey iylənəndə ona duz vurarlar üfunəti çıxsın, bəs duz iylənəndə nə edərlər, heç nə. Yaxşı Milli Ordu sən deyən olmadı, bəs neyləyək?! İt qursağı yağ götürməz, deyiblər.
Kapitan – Bax belə əsgərlər, öcəşə-öcəşə gəlirsiniz mətləb üstünə. Ayrı-ayrılıqda bizimlə kimsə bacarmaz. Lakin bütövlükdə gücsüzük, heç nəyik. Bir-birimizi eşitmirik. Orduda polad intizam, monolit birlik olmalıdır ki, düşmənə cavab verək. Daşnak faşistlərini öz yuvasınadək qova bilək.
Qaytançı – Yoldaş kapitan, alçadı, turşdu, yiyəsinə xoşdu, deyirik. Ağı qaradan seçə bilmirik, axı!
Kapitan – Əfsuslar olsun ki, cəmiyyətimizin də eybəcərliyi məhz belə bir murdar ənənəyə aludəçiliyindədir. Xalq demokratiyasının əsl təminatçısı yüksək nizam-intizama malik, siyasətləşmədən uzaq ordudur ancaq. Ordu isə olsa-olsa qəhrəmanlığın, hərbi-vətənpərvərliyin təbliğ-təşviq obyekti olmasıyla fəxr edə bilər. Müasir tələblərə cavab verməyən orduyla nə mən istəyimə çata bilərəm, nə siz, nə də millətimiz ağ günə çıxa bilər.
Çavuş – Yoldaş kapitan, çoxları Milli Ordudan gileylidir. Ordumuza ağız büzməkdən usanmırlar.
Qaytançı – Ocaq yanmasa tüstüsü çıxmaz, yoldaş çavuş.
Nişançı – Manqa rəhbərimizin yaralı yerinə toxunma, peysər.
Çavuş – Əlbəttə, deyilənlərin bir qismi ilə mən də razılaşıram. Lakin qurunun oduna yaşı da yandırmaq məqsədi güdənlərin fikriylə heç vəchlə razılaşa bilmərəm. Qarabağa gələn ilk könüllülərin çoxu müstəqilliyimiz uğrunda döyüşdü, qəhrəmancasına həlak oldu. Könüllülərin ağıllarına belə gəlməzdi ki, vaxt gələr, onlar xəyanətin qurbanları ola bilərlər. Başımıza nə bəlalar gəldi, nə oldu, nə oyunlara düşdük hamısı hakimiyyət hərislərinin stol savaşlarından sonra başladı.
Kapitan – Haydı əsgərlər, siyasi işlərə baş vurmayın çox. Kələyinən gələn küləyinən gedər. (Qaytançıya) Sənə çox danışmağın barədə az iradlarım olmayıb. Yaxşı-yaxşı götür-qoy et. Bədiyyə tullayan, atmaca atan olmaqdansa, deyilənə əməl et. Gör-götür dünyasıdır. Hərb elminin sirlərini öyrən. Özün də Qarabağlısan. Ulularının qəbirləri də, sümükləri də düşmən tapdağında, rəzalətdə qalıb. Hazırlaş, sənin hərbi məktəbə göndərilməyin barədə bu il rəhbərlik qarşısında məsələ qaldıracağam. Göndərsinlər səni də Türkiyəyə, oxumağa.
Qaytançı – Mənə böyük etimad göstərmiş olarsınız onda, yoldaş kapitan.
Baş leytenant gəlir.
Baş leytenant – Yoldaş kapitan, qərargahdan xəbər verdilər ki, Tanqut dayını, qızını, burada saxlamaq mümkün olmadı. «Evimdə xəstə qoyub gəlmişəm. Axşama qala bilmərəm. Taleyimə, qismətimə nə yazılıbsa, onu da görəcəm. Mən nə oğlumdan, nə də o səngərdə yatanlardan artıq deyiləm. Qoy nə olacaqsa-olsun» deməklə oturdu «Jiqulisinə», çıxdı həyətdən. Göz-qulaqda olun. Maşının qaldırdığı toz izindən onlar siz tərəfə gedənə oxşayır, dedilər.
Tırtıl səsi gəlir. Avtomobil siqnalı eşidilir.
Kapitan – Yoldaş baş leytenant, əsgərlərdən birini yol ayrıcına qaçır. Özün də get. Ma-şının minalanmış əraziyə girməsinə imkan verməyin. Cəld tərpən. Özlərini də tranşeyə endir, əlaqə yollarına sal, piyada gətir. (baş leytenant gedir) Kişinin canında heç bir qorxu-hürkü hissi yoxdur. Bizi işə salacaq.
Çavuş – Elturanın özü də elə atası timsalındaydı. Gözünə güllə sıx, kiprik çalmazdı.
Qaytançı – Yoldaş kapitan, deyəsən, baş leytenantın saqqalı yoxdur, sözü keçmir.
Kapitan – Elə zənn edirlər ki, atəşkəslikdi, müharibə qurtarıb, vəssalam. Hər cür hərəkət etmək olar. Deyən yoxdur ki, ay Tanqut dayı, qadan alım, sən bura gəlməyinən dünya düzələcək, yoxsa oğlun tapılacaq. Havayı yerə özünü niyə ölümün pəncəsinə atırsan. Özünü məhv eləməklə nə qazanacaqsan, kimə nə olacaq?! Səndən hərəkət, məndən bərəkət Tanrı buyruğudur.
Qaytançı – Dəvəni dizindən bağla, sonra Allaha tapşır - deyib ulu Peyğəmbərimiz.
Nişançı – Vallah, içərimiz çölümüz boyda dərddir. İl yarası kimi köz basmamış, o biri pırtlayıb çıxır ortaya.
Kapitan – Haydı, əsgərlər. Cəld olun, hər kəs öz döyüş mövqeyinə keçsin. Məxsusi əmr özlüyündə bir borcdur: Vətən borcu! Əsgər borcu! Döyüş borcu!
Çavuş, qaytançı, nişançı gedir. Tanqut, İncə gəlir. Əsgərlər şərqi oxuyur:
Borcunu verməyə hazırıq Vətən!
Uğrunda ölməyə hazırıq Vətən!
Bizə övlad deyən Vətən sağ olsun!
Düşmənə gor qəbri qazırıq Vətən!
Nəqarət:
Yaşa Azərbaycan – ey Ana Vətən!
Var ol, Azərbaycan – ey Ana Vətən!
Tanqut – (fərəhlə) Vətənin qəhrəman övladlarına eşq olsun!
Əsgərlər – Eşq olsun! Eşq olsun! Eşq olsun!
Kapitan – Vətən eşqiylə döyünən ürəklərə,
Əsgərlər – Eşq olsun! Eşq olsun! Eşq olsun!
Tanqut – Sağ olun, igid balalarım! Sizin qadanızı Tanqut dayınız alsın! Gün o gün olsun ki, Xankəndi küçələrində marşlarınızı, zəfər nəğmələrinizi eşidək. Əminəm ki, o günü siz bizə mütləq bəxş edəcəksiniz.
Kapitan – Allah sizi murazınıza çatdırsın, Tanqut dayı. Bizim də arxa, dayağımız sizin kimi atalarımız, el ağsaqqallarımızdı. Həmişə var olasınız!
Tanqut – Allah qollarınıza qoyət versin. Allah-təalanın özü düşmənlərimizin rüsxəndini kəssin. Arzu-istəklərini puç etsin! Qələbə haqqın, ədalətin tərəfindədir!
Əsgərlər öndən keçirlər.
Kapitan – (Tanqutla əl tutur) İcazə ver, könül xoşluğu ilə sizi bağrıma basım, Tanqut dayı!
Tanqut – O nə sözdü, bacı oğlu! İcazənizi qəbul etmək bəndəniz üçün böyük şərəfdi (qucaqlaşıb-öpüşürlər).
Kapitan – Vallah, qurd ürəyi yemisiniz, ay Tanqut dayı! Hələ özünüzü demirəm, bəs, bu qız uşağının döyüş bölgəsində nə işi var?!
Tanqut – Tanış olun, bu mənim qızım İncədir. Uşaq deyil, Tibb Universitetinin tələbəsidir.
Kapitan – (əl tutur) Belə gözəl, xanım-xatun qızla tanış olmağımdan fərəh hissi duyuram.
İncə – Xoş sözlərinizə görə təşəkkür edirəm. Biz də həmişə özümüzü Vətən keşikçilərinə borclu sayır, onların qəhrəmanlıqlarıyla fəxr edirik.
Tanqut – Yoldaş kapitan, qızım, sizin gələcək cəbhə dostlarınızdan olacaq. Könüllü olaraq hərbi komissarlığa ərizəylə müraciət edib. İndidən cəbhəylə maraqlanır. Dedim qoy bu yerlərin abı-havasıyla tanış olsun. Vəziyyəti, çətinliyi öz gözləriylə görsün. Qorxusu varsa, peşmançılıq ərizəsi yazsın. Haray bəri başdan, desin.
Kapitan – Əlbəttə, ziyanın yarısından qayıtmaq da gec deyil.
İncə – Ciddimi deyirsiniz, yoldaş kapitan. Axı kimsə məni məcbur etməyib ərizə yazım. Fikrimdə qətiyəm. Bu mənim vətəndaşlıq borcumdu.
Kapitan – Sağ ol, İncə xanım! Azərbaycan qadınının həmişə öz mətinliyi, milli qüruru ilə fəxr etməyə haqqı var. Bunu şanlı tariximiz deyir.
İncə – Çox sağ olun, yoldaş kapitan. Tərifə layiq elə bir iş tutmamışam, hələ. Sadəcə olaraq ilk addımımı atmaq istəyində olmuşam. Sonrasını gələcək göstərər.
Tanqut – Hə, qızım, gördüyün bu yerlər Cənnət Qarabağımızın əlimizdə qalan çox cüzi, az bir hissəsidir. Varlığımızın, dilimizin, diriliyimizin, mədəniyyətimizin, musiqimizin beşiyi olan, Azərbaycan adlı dünyamızın Kəbəsi sayılan Qarabağ indi düşmən əlindədir. Bu müqəddəs torpağımızı harsın uşağına təslim etsək, Allah-təalanın özü bizim günahımızdan keçməz.
İncə – Heç Qarabağı təslim etməkmi olar, ata?! Bəs nə deyər müqəddəs ruhlar bizə?! Onda Vətənin özü yetim qalmazmı?! Adı türk olan bir kimsənin Qarabağsız bu dünyada yaşamağa, həyatda deyib-gülməyə mənəvi haqqı olarmı heç?!
Kapitan – Tanqut dayı, kaş bütün valideynlər Vətən üçün Elturan kimi oğullar, İncə kimi qızlar tərbiyə edib böyütmüş olaydılar. Vallah, onda vətənin bir qarış torpağını zəbt etməyə düşmənin qeyrəti, gücü çatmazdı.
Tanqut – Qızımın dediklərini gəlişi xoş sözlər kimi qəbul etməyin. Dilinə görə dilçəyi də var. Onun əzmkarlığına, iradəsinin möhkəmliyinə, tutduğu yoldan dönməyəcəyinə inanıram mən.
Kapitan – Siz nə danışırsınız, Tanqut dayı. İncə xanımın səmimiyyətinə söz ola bilməz. Bu gün bura – döyüş bölgəsinə gəlməyin elə özü də bir fədakarlıqdır.
İncə – Fransanın böyük qızı Janna d`Arkın sözləri yadıma düşür. «Sülh nizələrin ucundadır!» Torpağı təcavüzə məruz qalan xalq kişili-qadınlı, böyüklü-kiçikli silaha sarılıb Vətənin müdafiəsinə, müqəddəs müharibəyə, mücadiləyə qalxmalıdır. Ancaq qisas alanlar qələbə çala bilər!
Kapitan – Əlbəttə, sözünüzdə haqlısınız. İncə xanım. Hələ ki, hökumətimiz sülh sazişinə bel bağlayır. Atəşkəslikdir. Görək bu gözləmənin axırı nəylə qurtarır?
İncə – Sülhə səsləməklə düşmən əzilməz. Sülh özü də döyüşdə, mübarizədə qazanılır. Hər vasitə ilə düşmən buna məcbur edilməlidir.
Tanqut – Bütün müharibələrin son ucu sülhdür. Amma Qarabağ məsələsinin beynəlxalq təşkilatların müzakirəsinə çıxarılması hər halda bizim xeyrimizə olmadı. Dönük çıxmışlar xristian dünyasından dəstək alırlar.
İncə – Biz hiylə, məkr dağarcığı olan ermənilərlə siyasətdə çəkə bilmərik. Yumruq göstərməsən, qulaq burması verməsən ağız yummazlar.Yoldaş kapitan, ətraf ərazilərlə tanış olmağıma icazə verirsinizmi?!
Kapitan – Əlbəttə, olar. Lakin təvəqqe edirəm qənşərə baş çıxarmayasınız. (qaytançını səsləyir) İncə xanımı müşayiət et. (Tanquta) Tanqut dayı, sizi burada görməyimə çox şadam. Amma xahiş edirəm ki, sözümdən inciməyəsiniz. Axı, belə olmaz, göz-görəti Əzrayılla çiling-ağac oynayırsınız. Müharibədir. Kəşfiyyatda adamlarımız var. Əməliyyat başındayıq. Həm həyatınızı təhlükə altında qoyursunuz, həm də bizi çıxılmaz vəziyyətə salırsınız.
Tanqut – İradlarınızda haqlısınız, bala. Amma dayana bilmirəm. Elturan itkin düşəndən lap səbrim tükənib. Heç olmasa buralara gələndən-gələnə bir təskinlik tapıram. Özümü oğlumun dostları arasında görəndə daxilən bir rahatlıq hissi keçirirəm. Bakıya uyuşa bilmirəm. Toy-düyün, bayram şənlikləri, yerli-yersiz yubileylər, bayağı maskaradlar, teleşoular adamı zinhara gətirir. Varlığımdan oluram.
Tanqutla kapitan söhbət edə-edə müşahidə məntəqəsinə doğru gedirlər.
Qaytançı, İncə, Nişançı səhnədə görünür. Onlar minaatanın dövrəsindədilər.
Qaytançı – İncə xanım, bizim bu çatalbaş ovçu Pirim nəslindəndir. Dava-dalaşa başlayandan quş tüfəngini minaatanla əvəz edib. Yaxşılığı itirənlərin, nankor qonşuların başına od ələyir. Dargöz olduğuna baxma, dünyanı gen görür.
İncə – Qoy, iti gözündən əsli-nəcabəti bilinməyən nəsələr yayınmasın. Axı, bu minaatan nə silahdır belə. Qardaşıma bu qədər matah olub, deyirsən.
Nişançı – (minaatan İncəyə göstərir) İncə xanım, minaatan yeganə silahdır ki, özü-özünü vura bilir. Düşmən göz qabağında olsun, və ya olmasın, fərqi yoxdur. Qoy lap beton hasarın o tayında yatsın və ya dağın o biri üzündə gizlənsin. Hesabat çıxar, lüləyə istiqamət ver. Mərminin uçuş məsafəsinin ölü nöqtəsini düşmənin başı üstünü seç, vəssalam. Peysərə de qaytanı çəksin, mina hərifin peysərində partlayacaqdı.
Qaytançı – Çatalbaş, yenə mənə sataşırsan. Kor-kora kor deməsə bağrı çatlar.
Nişançı – Ayə, sənin yox, düşmənin peysərində deyirəm. Sənin kəllə sümüyünə qıyarammı heç. Sənin peysərin qardaş canı dost peysəridi, peysər.
Qaytançı – Mənim dostlarımın hamısı bax belə ağıldan fıydı, İncə xanım. Ona görə də ələyimdə ələndikcə dostlarımın sayı sıfıra enir. Dost tapmaq çətindir indi. Məni də eyzan həllə-hüşlər tapır.
İncə – Bəlkə ələyinin gözü yekədir, qardaş. Hamısını ucdantutma arda verir.
Nişançı – Çox düzgün deyirsiniz, İncə xanım. Mən qollarımı yana açdığımdan alta düşmürəm. Bu sayaq gözdə ilişib qalmışam, yoxsa qollarımı yanlarıma sıxsaydım, indi mən də çoxdan xəlbiraltı olmuşdum. Deyirəm qaçqın adamdı. Tək qalar, ürəyi qubar eylər. Mən adar-madar dostuyam peysərin.
İncə – (qaytançıya tərəf) Doğrudanmı qaçqınsan, qardaşım?
Nişançı – Qaçqın da sözdü, lap yekəsidir ki var. Ata-anası Gəncədə məskunlaşıb. Cəbrayıl qaçqınıdı. O günləri alaybəydən izn alıb gedirdik Gəncəyə, valideynlərini yoluxmağa. Avtobusda uşağı ağlayan bir qadın birdən qayıdasan ki, ay bala, ağlama, indi sənə bir qaçqın göstərəcəm, olacaqsan bağır-dalaq. Peysər də eləmə tənbəllik, qəfildən sirtovun ətəyini çevir başına, gözlərini bərəldib cum qadına sarı, bu da qaçqın, qoy mənə baxsın, kirisin uşaq!
İncə – Noldu, uşaq kiridi?
Nişançı – Əşi, kiridi də sözdü. Qorxudan deməzsən, anasının da ürəyi getdi. Camaatı bir uğunmaq tutdu ki, gəl görəsən, barmaqlarını kəssən özlərindən xəbərləri olmazdı.
Onları gülmək tutur. Bu zaman rabitəçi onlara yanaşır.
Rabitəçi – Uşaqlar, kapitan haradadır?
Nişançı – Ayə, gözün niyə alacalanıb? Qabağındaca o boyda kişini görmürsən? Tanqut dayı ilə söhbət edir.
Səsə kapitan geri dönür.
Rabitəçi– Yoldaş kapitan, nəhayət kəşfiyyatçılar çağırış siqnallarımıza cavab verdilər. Seymur düşmən əhatəsindəki köhnə əhəng quyusundan danışır. Deyir ki, dan üzündən hərəkətsiz qalmışıq. İki addımlıqda ermənilər odun tədarük edirdilər. Cıqqırımızı çıxarmağa, qımıldanmağa halımız, baş qalxızmağa imkanımız yox idi. Günorta naharına getdilər. Axşamüstü qayıdacaqlar. Biz burada bir an belə dayana bilmərik, ləngisək tələyə düşə bilərik. Fasilədən istifadə edib hərəkətə keçirik. 10-15 dəqiqəyə Ağbuta gədiyinə qalxacağıq. Lakin açıq sahəyə çıxmağımızla bizi müşaiyət etməyiniz gərəkdir. Düşmən bizi görə bilər.
Kapitan – Bəs dil barədə bir söz demədi?
Rabitəçi – Seymur yenə də zarafatından qalmır. Deyir ki, ələ dil keçirməmişik. Amma bir dilmancımız, bir də dildən o söz, bir pəltəyimiz var. Yüngülvari şadyanalığa hazırlaşın. Tamaşa göstərəcəyik. Otello ilə Dezdemonanı sizə təqdim edəcəyik.
Kapitan – Baş leytenanta çatdır ki, dəstəyi qulaqdan, durbini gözdən bir an aralı saxlamaq olmaz. Düşmən mövqelərini tam nəzarət altına alın. Kəşfiyyat qrupunun yerdəyişməsi düşmənlərin nəzər-diqqətini cəlb edə bilər. «Şahin» Ağbuta gədiyini aşan kimi şəxsən özü mənə məlumat versin. Əlavə göstərişlərimi gözləsin.
Rabitəçi – Oldu, yoldaş kapitan.
Nişançı, Qaytançı, İncə, Çavuş kapitanın ətrafında toplanır.
Rabitəçi gedir.
Kapitan – Hə, Tanqut dayı, İncə xanım, görürsünüzmü necə də təhlükəli bir yerə gəlib çıxmısınız? Hər an atəş altına düşə bilərsiniz. Ona görə də mülkü adamların təmas xəttinə ayaq basmasına qətiyyən yol vermək olmaz.
Tanqut – Allah mərdimazara lənət eləsin, bala. Kim deyərdi ki, ayın-ilin bu vədəsində müharibə ola bilər, qonşu-qonşuya qənim kəsilər? Elturanım itkin düşər. Mən başı daşlı da qalaram çöllərdə.
Kapitan – Başqa cür düşünməyin, Tanqut dayı. Siz oğul, bizsə ən cəsur döyüşçümüzü, arxa-dayağımızı itirmişik. Müharibədir, nə etmək olar. Elturanın başına gələn qəzavü-qədər burada hər birimiz üçün qaçılmazdı. Kimsə nədənsə sığortalanmayıb. Elturanın əsir düşməsinə bizdə zərrə qədər şəkk-şübhə yeri yoxdur. Lakin ermənilər adının əsir kimi siyahıya salınmasından qaçırlar. Naxələflər saxlanma yerini, şəraitini gizli saxlayırlar.
Çavuş – Sizə bir andım yoxdur, Tanqut dayı. İnanın ki, Elturan barədə hər hansı bir məlumat əldə etmək üçün bölüyümüzün bütün əsgərləri hətta özlərini ölümün pəncəsinə atmağa belə hazırdılar. Seymur isə doğma qardaşdan da artıq canfəşanlıq edir. Bu yolda heç nədən çəkinmir. Lazım gələrsə bu yolda can belə əsirgəməz.
Kapitan – Bu dönə ki, kəşfiyyat əməliyyatını, elə bir növ Seymurun şəxsi təşəbbüsü ilə həyata keçirməli olduq. Demişik ki, heç olmasa ermənilərdən kara gələn girov götürək. Diələ keçirək. Əlaqə yaradaq. Qohumları vasitəsi ilə Elturanı axtaraq. Haqqında səhih bir məlumat əldə edək. Başqa yolla nəysə öyrənmək mümkün deyil.
Tanqut – Allah özü köməyimizdə dursun, sizləri hər xəta-bəladan hifz eləsin. Bütün narahatçılıqlarınızı başa düşürəm. Amma ehtiyatı əldən vermək olmaz. Məni də sizin yanınıza çəkib gətirən dosta olan sədaqətinizdi. Məhəmməd dağı yanına gətirmir, dağ Məhəmmədi qoynuna çəkir.
Baş leytenant püfərək gəlir.
Baş leytenant – Yoldaş kapitan, kəşfiyyatçılar Ağbuta gədiyinin o üz ətəyində daldalanıblar. Açıq sahəyə çıxmaq üçün sizdən əmr gözləyirlər. Əmrinizi qəbul etməyə gəlmişəm.
Kapitan – Yoldaş baş leytenant, tağımlara, top komandirlərinə «Dur!» əmri ver. Hər ehtimala qarşı qonşu postlara «həyəcan» siqnalları ötürün. Atışma istisna deyil. Çavuş İslamov, Tanqut dayı ilə İncə xanımı blindaja sən özün endir. Oradan təhlükəsiz yer yoxdu. (Nişançıya) Baş əsgər Kərimov, lülənin dönmə bucağını 15 dərəcə sola dəyiş. Qalxmanı 10 dərəcə artır. Hədəf düşmən istehkamının çıxış-giriş meydançasıdır. Düşmən atəş açmaq istəsə yerindəcə məhv edilməlidir. Kəşfiyyatçılara təhlükəsiz dəhliz açmalıyıq. Mən özüm şəxsən bölüyün döyüşə hazırlıq vəziyyətinə bir daha baxış keçirəcəm.
Çavuş, Nişançı əmirləri qəbul edir. Kapitan, baş leytenant gedir.
Çavuş – Seymura halal olsun! Əsil kəşfiyyatçıdır. Adam yarıdandı. İstiqanlı oğlandı. Bölüyümüzdə Elturandan sonra ürək qızdırdığım, etibarına bel bağladığım döyüşçü odur. Ölümə göndər, yox deməz.
Tanqut – Seymur bizim ailənin də ən əziz adamıdı. Adını hörmətlə çəkirik. Elturan itkin düşəndən bizi darıxmağa qoymur. Həftəaşırı zəng edir, əlaqə saxlayır, bizə ürək-dirək verir.
İncə – İki həftədir Seymurun zəngini eşitməməyimizdən yana nigarançılıqlar keçirirdik. Demə, zəng etməyə vaxtı, imkanı yox imiş.
Çavuş – Tanqut dayı, İncə xanım, hər an atışma baş verə bilər. Xahiş edirəm inciməyəsiniz. Tələsmək lazımdır. Yubana bilərik. Bu saat kapitan harda olsa müşahidə məntəqəsinə qayıdacaq. Yaxşı deyil, gedək. Qoy gəlib bizi burada ləngiyən görməsin.
Çavuş, Tanqut, İncə gedirlər. Kapitan gəlir.
Kapitan – Tanrım, nolaydı hər kəs öz məsuliyyətini lazımınca dərk edəydi. Ləyaqətini özündən öndə görəydi. Bacarmadığı işi öhdəsinə götürüb özünü o yerə qoymayaydı. Anam Qarabağ, de, sən də zaman-zaman qarşısında kimsənin tab gətirə bilmədiyi türk oğlu türkün Vətəni deyilmisən?! Ey ulu xalqım, kimdə var sənin oğullarında olan qorxmazlıq, cəsarət, qeyrət, hünər. Qanını axan görəndə qana susayan, ölümünün üstünə düz gedən, əcəlinin gözünə dik baxan övlad! Sən öz haqqını dünyaya bəyan etməlisən, tanıtmalısan. Qüdrətinlə dünya millətləri arasında özünə layiq yer tutmalısan! Axı, Elturan, Seymur kimi övladları olan Vətən basılmaz!
Əsgərlər şərqi oxuyur:
Arxasan, dayaqsan bizə ey Vətən,
Könül çiçəyisən sinəmdə bitən
Vurur ürəyimiz ürəyinlə tən
Torpağında canıq, damarında qan!
Nəqarət:
Yaşa Azərbaycan – ey Ana Vətən!
Var ol, Azərbaycan – ey Ana Vətən!
«Şahin» kəşfiyyat qrupu səhnədə görünür. Seymur öndədir. Kəşfiyyatçılardan biri başına xalta keçirilmiş əsir zəncinin kəmsiyindən yapışıb ardınca dartır. O biri kəşfiyyatçılar isə girov götürülmüş Gövhər əhatəsində arxalarınca gəlir.
Seymur – (Hərbi qaydada raport verir) Yoldaş kapitan, «Şahin» kəşfiyyat qrupu verilmiş təlimat və marşrut üzrə hərəkət etmiş, komandanlığın tapşırığını yerinə yetirmişdi. Bir hərbi əsir, bir mülkü şəxs girov götürülmüşdür. İtki yoxdur!
Kapitan – (raportu qəbul edir) Əməliyyat tapşırığını uğurla yerinə yetirdiyinə görə kəşfiyyat qrupuna və onun rəhbəri gizir Seymur Etibarlıya təşəkkür elan edirəm.
Seymur – Azərbaycan Respublikasına xidmət edirəm!
Kəşfiyyatçı əsgərlər – Azərbaycan Respublikasına xidmət edirik!
Kapitan – Azad!
Seymur – Oldu, azad!
Kəşfiyyatçı əsgərlər – Oldu, azad!
Bu zaman səs-küy qalxır. Hərbi təzim vəziyyəti alarkən kəşfiyyatçı xaltanın yedəyini əlindən buraxdığına görə əsir zənci qarışıqlıqdan istifadə edərək gözdən yayınmağa cəhd göstərir, aradan çıxmaq istəyir. Qaytançı hamıdan cəld tərpənir. Yerindən sıçramağıyla cüt ayaqla kəmsiyin üstünə düşməyi bir olur. Əsir zənci dartınıb yıxılır. Əsgərlər gülüşür.
Kapitan – Yoldaş gizir, sənin Otellon qırdı-qaçdılıq etmək istəyir, deyəsən. (Qaytançıya) Peysər, qaytandan bərk yapış, gözlə, səni də çəkib aparar.
Qaytançı – Yoldaş kapitan, Otello böyük bir sərkərdəydi. Avropalılara general kimi, vali kimi xidmət göstərirdi. Busa ermənilərə muzdla satılmış yedəkdə gedən əbləhdən başqa bir şey deyil. Bundan Otello çıxmaz! O boyda Otellonun adını bu dılqırın hesabına bədnam etməyin.
Seymur – Peysər, bu zənci Fransa vətəndaşıdı. Çox qəliz bir adı var. Tələffüz etməyin, yadda saxlamağın naqolaylığından bu addan vaz keçdik. Eləcə Otello adlandırdıq. Onun adına rəğmən Gövhər xanıma da Dezdemona dedik.
Kapitan – Bəs Gövhər xanım hardan keçdi girinizə?
Seymur – Bakı məktəblisi olub, yoldaş kapitan. Erməni qərargahında kurs təşkil edib əcnəbilərə dil öyrədirmiş. Həm də dilmanclıq edirmiş.
Kapitan – Bəs siz hara, qərargah hara?
Seymur – Yoldaş kapitan, qismətimizə bunlar göydən düşmə oldu. Yoxsa batmışdıq. Ermənilər qazdan ayıq olublar. Təklənmirlər. Kənd ətrafı meşəlikdə çox gəzdik, dolandıq, daldalandıq. Əlimizə bir şey keçmədi ki, keçmədi. Məcbur olub qərargahın hasarına yan aldıq. Lap beş-on addımlığınadək yaxınlaşdıq. Kor-peşman geri dönmək istəyirdik ki, bunları ardımızca yüyürən gördük. Sən demə, Otellonun caynağından can qurtarmaq üçün Gövhər xanım bizi öz adamları bilib üstümüzə qaçırmış.
Kapitan – Otellonun iştahı tük apardığından gözü sizi görməyib, hə.
Seymur – Gözünü qan örtmüş olduğundan desən daha düz olar.
Kapitan – Peysər, Otellonu qaraçı ayısına döndərmisən. Gəlsənə əbləhi bir imtahana da çəkəsən.
Qaytançı qatmasını yellədikcə əsir zənci dartınır.Dizləri əsir.
Qaytançı – (əsir zənciyə) Ayə, əbləh, Fransa vətəndaşısan, Fransızca təhsil almısan. De görüm, Aleksandr Dümanın əsərlərindən nəysə oxumusanmı?
Əsir zənci – O-oxumuşam. Bə-əs, ne-ecə?!
Qaytançı – Bəs onda Müqəddəs Atanın vəsiyyətinə niyə əməl etmirsən? Erməni əlində dönüb olmusan oyuncaq (əsir zənci fikrə dalır). Dinsənə, əbləh?
Əsir zənci – Müqəddəs A-atanın və-əsiyyətini o-oxumamışam. Nə-ə yazıb ki-i?
Qaytançı – Müqəddəs Ata Qafqaz səfərində yazır ki, erməniyə bel bağlamaq olmaz. Üçünki onlar öz məkrli, hiyləgər sifətlərini məharətlə gizlədib bədnamlıq edirlər. Fitnə-fellə istədiklərinə nail olurlar. Alçaqdılar. Vəd verib vədlərinə əməl etməzlər.
Əsir zənci – Mə-ən hə-əmin ə-əsəri o-oxumamışam. E-ermənilərin hiyləgər o-olmalarını si-iz de-eyən də-ə bi-ilməmişəm.
Qaytançı – Oxumamışamla, bilməmişəmlə can qurtara bilməzsən, ay əbləh! Oxumamışam-oxuyaydın, bilməmişəm-biləydin, deyərlər. Bəlkə sənə «bilməmişəm-biləydin» mahnısını oxuyaq.
Kapitan – Peysər, qınama bu yaramazı. Ermənilərin hiyləsindən, bədniyyət olmalarından, hər alçaqlığa baş vurmalarından iki əsrin qonşuluğunda heç səninkilər bələd olmayıblar. Bu bədbəxt beş-on ilin içində hardan biləydi?!
Qaytançı – Bilməsəydi başına xalta keçirməzdi yoldaş kapitan. Məgər onu da bilmir ki, başqasına quyu qazanın gec-tez həmin quyuya özü düşəcəkdi. (Kəmsiyi çəkişdirir) Deyən yoxdur ki, sənin Qarabağda nə ölümün, itimin var, zənci köpəyoğlu?! Oynaqlama (zəncini mahmızlayır)
Əsir zənci – Mə-əni ni-iyə sö-öyürsən?
Kapitan – Peysər sənə söymür. O səndən sorur ki, Fransa hara, Qarabağ hara? Sənin ermənilərlə nə alış-verişin var? Ermənilərin felinə necə uymusan, onların hörümçək toruna nədən düşmüsən?
Əsir zənci – Mə-ənim a-arvadım e-ermənidi. Mə-ən o-ona gö-örə Qarabağa gə-əldim. E-erməniləri qı-ırıb qu-urtarmayasınız.
Nişançı – Gör ağzının dadını nə bilir dəyyus. Erməni qızında nə təam görübsə milləti yolunda özünü atır ölümün ağuşuna. Sənin öz millətin, milliyətin yoxdur, Otello?
Əsir zənci – Mə-ənim a-arvadım nə-əsə mə-əndə o-yam. O-o mi-illətdənəm.
Nişançı – Ayə, ay uşaqlar, mən ölüm, bu erməni qadınlarındakı ovsuna, oyuna bir baxın e. Millət-filan demirlər. Kimə istəyirlər ərə gedirlər. Kişilərini də hansı millətdən, dindən, irqdən olmalarına baxmayaraq döndərib edirlər özlərininki. Görmədiniz, dünya şöhrətli alim Saxarovu arvadı Borner Əlixanyan necə fitilləyib saldı üstümüzə. Babalı deyənlərin boynuna, məgər demədilər ki, Bakını qanına qəltan edən Yazovun özü də erməni yeznəsidi. Qarabağın işğalında müstəsna rol oynayan Qraçovun özü də erməni yosunlu bəzzad olmadı, məgər. Hələ Qorbaçovu demirəm. Mən ölüm, yeri-yurdu, əsli-nəcabəti bilinməyən zənci də erməni yeznəsi olmağıyla görün bir necə fəxr edir, necə də fərəhlə danışır.
Qaytançı – Ə, çatalbaş, günün günorta çağı özünü niyə öldürürsən. Rusdan, zəncidən sitat gətirirsən. Niyə özümüzünkülərdən heç danışmırsan. Məgər bizdə erməni yeznəsi olmağıyla fəxr edənlər azdı?
Kapitan – Ayə, qırışmallar, sizin kinayə, tənə dolu atmacalarınızdan olmaz, Vallah! Mənə bir andınız yoxdur. Amma siz öləsiniz, mən də cavan, iti gedən vaxtlarımda vurulmuşdum məhəlləmizdəki bir harsın qızına. Maqnit kimi məni çəkirdi özünə. Yuxum da çəkilmişdi ərşi-əlaya. Evdə vaysənəydi.
Nişançı – Yoldaş kapitan, bir sözlə de ki, Kərəm yanğısına mübtəla olmuşdum, dana.
Qaytançı – Yox, yoldaş kapitan, de ki, axçi məni başdan eləmişdi. Olmuşdum o söz, devit-be, debil. Gözüm ayağımın altını görmürdü.
Kapitan – Məni məsxərəyə qoymayın, qırışmallar. Könlünüzə qaubvaxt düşməsin. Qoy, yaxşı, siz deyən olsun. Ana-bala sıyrılmışdıq. Rəhmətlik atam o vaxt işdən xəbər tutunca anamı da, məni də o ki, var danlayıb, biabır etmədimi?! Məni evin küncünə dirəyib dindi, nə dindi: «Ə, qancıq südü əmmiş, başına vur, gör bir nə iş tutursan. Elə bir ermənimiz qalmışdı, gətirib otuzdurasan ocağımızın başında. Ə, köpəyoğlu, babanın dalına qaynar samovar bağlayıb Əyriqardan yumalayan düşmənimizdən qisas almağındı yoxsa bu. Mənə dayısı düşmən olan nəvəmi oynatmaq, hopuşdum dedirtmək istəyirsən, yaramaz?» Məni vaxtında ayıltdı. Yoxsa o sevda baş tutsaydı, indi bu dava-şavanın qabağında neyləmək olardı? Qaytançı – Heyfsilənmə çox, yoldaş kapitan. Nə itirmişik ki, rəsmi statistikaya görə 30 min soydaşın axçilərlə nigaha girib. Hələ fiktivni sənədələrdə özünü azərbaycanlı yaz-dıranları hesaba almıram.
Kapitan – Əyə, peysər, erməni yeznələrinə çox sataşma. Yaxanı verərlər qayınlarının əlinə, sən öl, hər tikəni qulağın boyda edərlər. Məhəbbət, eşq dünyəvi şeydi. Mübtəla oldun, dosta, düşmənə baxmaz. Görünür mənim sevdam ötəri, intim bir hiss imiş. Bir hədəylə başımdan çıxdı.
Qaytançı – Nə deyirəm, yoldaş kapitan, qoy siz deyən olsun. Gəlin hərəmiz Engels deyən o sayaq erməni qızlarından birinə aşiq olaq. Adın da qoyaq dünyəvi eşq və ya ilahi məhəbbət. Olaq erməni yeznəsi. Əlhəzər, soykökümüzü məhəbbətə qurban verək. Torpaqlarımızın qalan hissəsini də qayın pədərlərimizə ərməğan edək, yurdumuz olsun Mets Hayastan. Day niyə düşmüşük çöllərə. Qarabağ deyəndə dodağımız dörd yerdən çat atır, ləlöyünük.
Rabitəçi gəlir.
Rabitəçi – Yoldaş kapitan, alay komandiri sizi ratsiyada gözləyir.
Kapitan – (gedə-gedə) Yaxşı peysər, qoy səninlə mənimki qalsın sonraya. Sənin cəncəl, qəliz danışıqlarına axır ki, bir əncam çəkəcəm.
Qaytançı – (öz-özünə) Eh kapitan, kapitan. Sən də otuz minçi yeznələrdən biri olsaydın, yəqin ki, Qarabağ uğrunda vuruşmaqdan vaz keçərdin. İndi ya çoxdan kabinet generalıydın, ya da oturmuşdun baş məmur stullarının birində. Ya Bakıda imarətlər yapdırırdın, ya da xarici banklarda gizli hesablar açdırırdın. Əlqərəz, sən də xalqın başını aldadanlardan biri olardın. Kotan nə bilir qayış nə çəkir.
Nişançı – Peysər, pərvanə kimi özünü oda, közə çox vurma, axırda qanadı qırılan-yanan sən olacaqsan. Dayısı, qayınanası erməni olanların əli hər zaman uzun olub. Sənin kimilərin dilini çox kəsiblər. Qol-qanadlarını qırıb atıblar.
Qaytançı – Çatalbaş, mənə qarğa dili oxuma. Mən dəvəsi ölmüş ərəbəm. Diri olub ölü kimi yaşamaq istəmirəm. Allah-təaladan nə istərdim ki, respublikamızın küllü-ixtiyarını bircə saatlığa verəydilər mənə. Onda mən bilərdim dayısı, qayınanası erməni olanlarla necə davranmaq lazımdır? Onlarla necə rəftar etmək gərəkdi?
Nişançı – Bir saatlığa neynərdin, peysər? Sirr deyilsə, de, biz də bilək. Bu dünyanın bir üzü yox, min üzü var. Olmadı elə, oldu belə. Bir gün gələr şahlıq quşu sənin də çiyninə qonar. Görək dediyini edəcəkmisən? Yoxsa sən də bir para ağzı göyçəklər kimi millətə kəf gəlmək istəyirsən?
Qaytançı – Çatalbaş, sən öl mən ağrımaz başıma duz bağlayan olardım. Amma başımı tovlama! Dilimdən söz çəkə bilməzsən. Bu bir sirdir. Onu deməzlər.
Nişançı – Yox, peysər, keçəl suya gedən deyil. Bəzzadlıq etmə. Bir Otellonun kəmsiyini əldə saxlaya bilmirsən. Bəs 30 min Otello kimisinin kəmsiyini bir əldə necə saxlayacaqsan?!
Qaytançı – Çatalbaş, deyəsən məndə huş-baş deyilən bir şey qalmayıb, e. Niyə yapışıb qalmışam bu əbləhin kəmsiyindən. Qoy, yedəyini bağlayım bu ardıc payacığına, çalım yerə. Mıxını yerdən çıxaranda qoy səlbası bir yerə dəyəndə, iki özünə dəysin. (əsir zəncinin kəmsiyini payacığa bağlayıb çalır yerə) Bax belə əbləh!
Seymur – Peysər, erməni yeznələrini ucdantutma yamanlama. Hərzə-hədiyan fikirləri başından çıxar. Bəlkə də başqa millətələrə nisbətən biz türk kişilərinin qeyri dildən, dindən olan qızlarla nigaha girməsi daha çoxdu. Bu cəhət biz kişilərin bəlasıdırsa, qızlarımızın başqa millətdən olan oğlanlara yaxın düşməmələri xoşbəxtliyimizdi. Görürsənmi əməlimizin eləsi də var, beləsi də. Yaxşısı da var, pisi də. Çox da darılma!
Qaytançı – Halal olsun bizim qızlara. Onların qadasını alım mən. Vallah, qızlarımız, qadınlarımız olmasaydı, biz kişilər millətin adını çoxdan batırmışdıq. Dini də, dili də yadırğamışdıq.
Nişançı – Çoxları deyir ki, Oğuzun başına hər bəla yuxusundan gəlir. Boş sözdür, vallah! Mən deyərdim ki, Oğuzun başına nə gəlibsə, özünə düşmən bildiyi millətlərin qız-gəlinlərinə uymağından gəlib, bu mən ölüm.
Qaytançı – Yoldaş gizir, görürmüsən çatalbaş quşu dimdiyindən vurur. İndi deyin, bizdən kim Dezdemonaya bir çırtma vurar, əl qaldırar. Amma gör bir neçə əsir qız. Çünki bizi də özününkülərə tay tutur. Ermənilərin arşınıyla ölçür. Öz gözləriylə görüb ki, ermənilər əllərinə keçən qızlarımızın, gəlinlərimizin başına nə oyunlar açır. Bizsə insafı əldən ver-mirik, xüsusən qadınlara hörmətlə yanaşırıq.
Seymur – Peysər, çox narahat olma. (zarafatla) İndi sənə lələşin bir tamaşa göstərəcək ki, dediklərinə görə qınayassan özünü, min əhsən deyərsən mənə. Mən özüm olaram əsil Otello. Suçlaram gözəl Dezdemonanı. Bax bu əllərimlə boğub ataram sənin ayaqlarının altına, qəşş edərsən onda.
Çavuş – (Seymurun zarafatını çavuş hamıdan tez başa düşür) De tay bu gün Dezdemonanın qiyamət günüdür ki. Yaqodan bu yana yaqolar yaz göbələyi kimi cücərib düzü, dünyanı tutublar. Şeytan şərindən törəmiş dezdemonalar da az aşın duzu deyillər, vallah. Sənin deməyindən belə məlum olur ki, bütün günahların baiskarı Gövhərdir ancaq. Divan ayağına çəkilsin o, gərək, hə.
Seymur – (ucadan) Bəli odur! Yoxsa buna şübhənizmi var?!
Çavuş – Cəfəngiyyatı boşla, yoldaş gizir. Gərək günahını hər kəsin özü alsın boynuna. Cəzasını yüngülləşdirsin bir az. Günahını etiraf edənlər bağışlanır məncə. Qanunlarda humanistlik var. Qəddarlıq nəyə gərəkdir?!
Seymur – Əsla yox! Hər kəs öz günahına görə cəza alacaq. Günah Dezdemonanın özününküdür.
Gövhər – (Seymurla çavuşun söhbətindəki zarafatı yetərincə başa düşmür, qorxudan vücudu titrəyir) Allaha and içirəm ki, mənim günahım yoxdur. Şər işə fitva verən olmamışam mən. Müharibə törədənlərə, aramıza ədavət toxumu səpənlərə həmişə Allahdan lənət diləmişəm. Mən kiminsə döyülməsinə, işgəncələrə düçar edilməsində baiskar olmamışam. İnanın mənə. Günahkar mən deyiləm! Sizi də, bizi də bəlaya salan daşnaklardır.
Seymur – (Otellosayaq Gövhərə tərəf addımlar atır)
İndi and iç ki, təmizdi vicdanın,
İki qat küfrə bulaşsın canın.
Mən əminəm, o zaman şeytanlar
Bu ilahi üzə dəhşətlə baxar,
Mənə and iç ki, təmizsən!
Gövhər – (karıxmış halda) Allaha and içirəm, müqəddəs kitabımız İncilə, müqəddəs kitabınız Qurana and içirəm! Nəyə deyirsiniz, inanırsınız, ona da and içməyə hazıram. Nə mən, nə də bizim ailəmizdən kimsə azərbaycanlı əsirə, girova daş-kəsək belə atmayıb. Girəvə düşəndə tay da köməkliklər ediblər. Yaralarına məlhəm qoymağa, dərd-sərlərinə bir əncam çəkməyə, çarə tapmağa çalışıblar. Duz-çörəyi itirən olmamışıq biz.
Seymur – Öylədir, öylə leş üstündə gəzən milçəklər
Özlərini gül kimi saf, pak və təmiz zənn eylər,
Ey, mənim ruhumu sərməst edən əfsunlu çiçək
Rahiyən qəlbi əsir etdi, xumarında qəşəng
Olmasaydın, daha məsud olacaqdım, eyvah!
Gövhər – Siz nə danışırsınız? Mən heç nə başa düşə bilmirəm! Mən hər hansı meyitə toxunmaq nədir, heç yaxınına belə düşə bilmərəm. Ax, yaramaz zənci! Sənə dil öyrətdiyim yerdə dilimə qurd düşəydi. Sənə rast gəldiyim yerdə qıçım qırılaydı. Sən özün kömək ol mənə, Məryəm ana!
Seymur – Bunu öldürməliyəm, yoxsa bu dünyada gedər,
Aldadar bir insanı da, şeytanlıq edər.
Gövhər – (əsə-əsə) Məni öldürməyin, sizə yalvarıram. Nə üçün məni cinayətkar, cani hesab edirsiniz. Məni şeytançılıqda günahlandırırsınız. Ah, mavi Xəzər! Sahilində olsaydım, özümü dupduru, büllur qoynuna atardım sənin. Öz paklığımı bütün Azərbaycan xalqına, Bakı sakinlərinə nümayiş etdirərdim.
Seymur – Əldə boğulmalı adam dənizdə batmaz! Qorxmayın, boğulan nə qan görər, nə də bir tövrlə can verən əzalarına baxa bilər. Baxışları göyün dərin qatlarına sancılı qalar. Ölümünə qapını hər kəs öz əliylə açar. İndi mən öz əllərimlə səni boğmalıyam.
Əllərini tarım tutaraq hirsli-hirsli Gövhərə tərəf uzadır.
Əsgərlər əl çalır.
Gövhər – (lap çaşır)Ay aman, mənə kömək edin. Məni boğacaqlar. Yalvarıram sizə, eşidin məni, sorğu-sualsız öldürməyin məni. Göydən Allah baxır. (Qışqıra-qışqıra qaçır, bu zaman Tanqut, İncə gəlir. Gövhər Bakıdakı mənzil qonşuları Tanqutu və qızı İncəni görcək tanıyır. Özünü Tanqutun ayaqları altına atır) Tanqut dayı, amandı, məni xilas edin. İncə bacım, Gövhərəm, məni tanımadın?!
Tanqut – Ballıcalı Babacanın qızı deyilmisən, bala?!
İncə – Odur, özüdü ki, var, ata, Gövhərdir!
Tanqut – (Gövhəri yerdən qaldırır) Qorxma, bala, dövrü-binədən bizlərdə qadına əl qaldırmaq nakişilik əlaməti sayılıb. Bir-birimizin qanını töksək də, qadına biz əl qaldırmamışıq. İstər düşmən qızı olsun və ya qeyri kimsə, fərq etməz. Heç nəyimiz olmasa da, bir quru kişi adını üstümüzdə saxlamağa çalışmışıq. Qorxma, bala, qalx ayağa!
İncə – Başa düş, Gövhər. Görmürsənmi, Seymur öz aktyorluq məharətini nümayiş etdirir?! Səni Dezdemona şəklinə salıb, özü də Otello roluna giribdi. Özünü səhnədə gör.
Gövhər düşdüyü halətə gülür. Əsgərlər də ona qoşulub təzədən şaqqanaq çəkirlər. Seymur roldan çıxmağına rəğmən əsgərlər qabağında baş əyir. Hamı əl çalır. Seymur Tanqutla, İncəylə görüşür. Bir-birlərindən hal-əhval tuturlar.
Əsgərlər şərqi oxuyur:
Xalqımın məramı ərşi-əlandı
Düşmən dava istər, biz barış, haşa!
Səbrin son həddi var, o qana-qandı
Hazırıq düşmənlə girək savaşa.
Nəqarət:
Yaşa Azərbaycan – ey Ana Vətən!
Var ol, Azərbaycan – ey Ana Vətən!
Pərdə
II HİSSƏ
2-ci şəkil
Üç otaqlı mənzil. Qonaq otağında Gövhər görünür. Elturanın ruhuyla birgə o baş-bu başa var-gəl edir, divara vurulmuş xalça üstündən Elturanın hərbi geyimdə böyüdülmüş rəngli şəkli asılıb. Gövhərin gözləri şəkildədir.
Gövhər – Allah baiskara lənət eləsin. Aramıza nifaq saldılar. Din ayrı qardaşları bir-birinə düşmən etdilər. Bakı mənə necə də doğmaydı. O illər elə bilirdim ki, dünyanın ən xoşbəxt bəndəsiyəm mən.
Elturanın xəyalı canlanıb şəkli arxasından boylanır.
Elturan – Yatsam yuxuma da girməzdi ki, səni evimizdə görə bilərəm, Gövhər. Hələ də gözlərimə inanmağım gəlmir. Gözüm məni aldatmır ki?
Gövhər – Gəlsin, gəlsin, Elturan. Yoxsa görə biləcəyinə ümid etmirdin?!
Elturan – Əsla yox, Gövhər, sən varlıqsan, ümid deyilsən. Ümid gözləniləndi. Mən isə məni ümidə qovuşduracaq istəyim barədə düşünürdüm. Onu axtarırdım.
Gövhər – Çətin taparsan?
Elturan – Niyə?
Gövhər – Ona görə ki, istəyini özündə deyil, özündən kənarda axtarırsan.
Elturan – Bəlkə də sən deyəndi, Gövhər. Hətta sənə qarşı ürəyimin özəyindən qida alıb boy atan hisslərimdən belə yan qaçmağa çalışıram. Təki kimsənin gözünə görsənməyim, deyirdim.
Gövhər – Aman Allah! Sən nə danışırsan, Elturan?! Səni başa düşə bilmirəm.
Elturan – Məni düzgün başa düş, Gövhər. Gözə görünməz tellər bizi birləşdirməsə də, ayrılmağa da qoymur. Bir tərəfdən də araya nifaq toxumu səpdilər. Bu ədavətin özü də taleyimizə bir yazı oldu. Bəlkə də valideynlərin məni görmək belə istəmirlər. Məndən qaçır-lar.
Gövhər – Yox, elə danışma, Elturan. Sən səhv fikirləşirsən. Mən sənə necə deyim ki, sən bizim ailənin ən istəkli adamı sayılırsan. Məncə, həmişə də belə olacaq. Sən məndən çox ata-anama gərəksən. Onlar sənə baxanda, səni görəndə, səsini eşidəndə, səninlə təmasda olanda əksinə, bir qürur hissi keçirirlər. Doğma övladlarını görürlərmiş kimi hənirindən fəhmlənirlər.
Elturan – Gör onda ağıllarına nələr salırlar, Allah!
Gövhər – Əksinə, onda bir rahatlıq tapırlar. Mən də özümə gəlirəm. Bəlkə də aramızdakı münasibətdən bixəbərdilər. Bəlkə sən məni düzgün başa düşmürsən, Elturan?!
Elturan – Sən, nə danışırsan, Gövhər. Mən isə tamam başqa şeylər barədə düşünürəm. Səndən qaçmağımı ürəyimdən ayrı düşməyim kimi qiymətləndirirəm. Özüm də bilmədən sənə daha çox yaxınlaşıram.
Gövhər – Bizim səmimiyyətimizin alovunu heç bir qüvvə söndürə, məhv edə bilməz, Elturan. Bəlkə də sən keçirən hisslərdən uzağam. Amma özümü sənin ürəyində görəndə qayğısızlığımı unuduram. Mən ancaq sənin üçün yaşayıram. Məni üzən səndən ayrı düşmək qorxusudur.
Elturan – Əsla, özümü kimlərəsə unutdurmaq fikrindən uzağam, Gövhər. Vətən haqqında gəlişi xoş sözlər demək istəməzdim. Mən Qarabağ müharibəsinə daşnak faşizminin vəhşətli və fəlakətli bir oyunu kimi baxıram. Gecələr yuxularımda sübhədək bayaviklərlə çarpışıram, əlbəyaxa döyüşürəm. Ayrılanda özümü qan-tər içində çabalayan görürəm. Qarabağ itkisini heç cür qəbul edə, qavraya bilmirəm.
Gövhər – Daşnaklar bütöv bir xalqı, bir milləti büs-bütün öz terror şəbəkəsinin girovuna çeviriblər, Elturan. Hər bir sağlam düşüncə sahibi olan erməni millətinin nümayəndəsi bunu dərk edir. Lakin daşnaklara qarşı üsyan etmək imkanından məhrumdur. Terrorun arxasında nəhəng super güclərin marağı və maliyyəsi, habelə siyasiləşmiş millitarist düşüncəli erməni diasporu durur.
Elturan – Çox düz deyirsən, Gövhər. Daşnak terrorunun fitnə-fəsadından sadə erməni milləti çox əziyyət çəkir. Bu faşist qaragüruhundan həm özümüzü, həm də sizi xilas etməsək, sonu olmayan bir bəla girdabında qalmağa məhkumuq, zaman-zaman qırğınlara düçar olacağıq.
Gövhər – Bəs nə vaxt rahatlıq tapa biləcəyik. Yoxsa dinclik bizə heç zaman qismət olmayacaq!
Elturan – Bu dinclik həm sizə, həm də bizə ancaq o zaman nəsib olacaq ki, üç rəngli ay-ulduzlu, Tanrı nişanlı Azərbaycan bayrağını Xankəndi səmasında dalğalanan görək. Ancaq onda daşnak faşistinin «Böyük Ermənistan» xülyasına son qoyulacaqdır.
Gövhər – Ya Rəbb! Ey müqəddəs Ruh! Dünyamızı bu bəla, bu qan girdabından qurtar, xilas et!
İncə otağa daxil olur. Elturanın xəyalı səhnədən yox olur.
İncə – Gövhər, səhərdən bəri buradan qulağıma səs gəlir. Sözlər eşidirəm. Sən bayaqdan burada elə bil kimləsə danışırsan. Elturan, Elturan deyən səsini eşidirəm. Yoxsa Allaha dua edirsən. Ulu Tanrıdan nə diləyirsən, nə istəyirsən?!
Gövhər – Hər ikisindən edirəm, İncə-can. (Devikmiş halda yana boylanır) Hara getdin, Elturan. (İncəyə) Axı o indicə buradaydı, mənim yanımdaydı. Yoxsa fəhmimdir məni dindirən. Xəyaldı gözümə görsənən.
İncə – Yox, Gövhər, deyəsən səni qarabasma dindirir. Özün-özünlə danışırsan. Göz talismanındasan.
Gövhər – Mənə çox bənd olma, İncəcan. Sözü ki yeri gələndə demədin, dinmədin, ruhən sıxılır adam. İstəməzdim ki, vaqiəm Elturanla olan hisslərimlə bağlı ağılsızlıq donu geydirsin mənə. Maskalanım mən də.
İncə – Mənsə təəssüflənirəm ki, ağlım hisslərimin çıxıb getdiyi qapını mənə nişan ver-mir. Söylə Gövhər, de görüm Elturanla bağlı hisslərin bu girov düşdüyün dövrün yaratdığı bir məqamdan ipucu tapmır ki? Yoxsa ötən illərdən baş alır, könül dünyandan qaynaqlanıbdır.
Gövhər – İncə-can, yadındadırmı Elturan kənar məhəllədən olan oğlanların ayağını bizim məhəllədən necə kəsmişdi. Biz məhəllə qızları Elturanla fəxr edirdik. Onun adıyla öyünürdük. O günləri nə tez yaddan çıxarmısan?
İncə – İndi elə bil o günlər heç yoxuymuş, Gövhər. O günlər adama indi yuxu kimi gəlir. Vaxt yel olub ötdü, geri dönməz bir də. Heyf o günlərdən!
Gövhər – Elturan özünü həm çox çılğın, həm də centlimen sayaq aparırdı. Öz əxlaqı, davranışıyla tay-tuşlarından seçilirdi. Biz qızlar bəhsə girərdik ki, görək Elturanın diqqətini kim özünə cəlb edə bilər. O isə öz aləmindəydi, hamımızdan ötə düşərdi. Mərcimizdə bir-bir uduzardıq.
İncə – Elturanın ədəb-ərkanından demə böyüklərin də xəbəri varmış. O illərdə diqqətlərindən yayınmayıbdı. Onun itkin düşməsi ilə əlaqədar bizə dil-ağıza gələn qonum-qonşular elə hərəkətlərindən danışırlar ki, Elturanı yenidən tanıdırlar bizə. Heç elə bil biz onu tanımırmışıq onlar deyən, bilən qədər də.
Gövhər – Niyə indini deyirsən. Elə o vaxtlar da atam həmişə Elturanın mərifətli gənc olmasından, böyüklərə hörmətlə yanaşmasından danışardı. Elturanı bizə nümunə göstərərdi. Ona oxşayın, onunla oturub-durun deyərdi bizə. Tərif edib deyərdi ki, halal olsun ona. Atasına çəkibdi, eynən.
İncə – Yaxşılar görünür, bəxti qara doğulur bu dünyada, Gövhər, ya da tez gözə gəlir. Fələk onları vaxtından qabaq sınağa çəkir.
Gövhər – İncə-can, mənə elə gəlir ki, Elturanla Seymur xasiyyət sarıdan bir-birlərinə çəkiblər. Boy-buxunda, sifətlərində, tərpənişlərində də hər halda müəyyən oxşarlıqları var.
İncə – (çöhrəsində qızartı sezilir) Bəlkə də…
Gövhər – İncə-can, siz Seymurla necə də bir-birinizə yaraşırsınız.
İncə – Sus, Gövhər. Sən bunu hardan bildin ki, Seymurla aramızda sevgi, məhəbbət hissləri var? Deyəsən, az aşın duzu deyilsən, Gövhər! Adamın ürəyini qeybindən oxuyursan.
Gövhər – Burada ürək oxumaqlıq nə var ki, İncə-can. Baxışları bir anlığa süzmək kifayət edər. Sizin ilk görüşünüz mənə çox şeylər dedi. Sizin məhəbbətinizdən bütün əsgərlər xəbərdardı, nəinki tək mən.
İncə – (həyəcanlanır) Sən nə danışırsan, Gövhər? Məni biabır etmə, qız. Doğrudanmı bu barədə kimdənsə bir söz eşitdin? Hərəkətlərimdə, danışığımda, duruşumda hər hansı bir qəbahətmi sezmiş olublar? Mənim narahatlığımı lap artırırsan, Gövhər!
Gövhər – Yox, İncə-can, narahat olmağına dəyməz. Sənin orada artıq-əskik heç bir hərəkətin, sözün-söhbətin olmadı. Hiss ediləcək dərəcədə duyğulandırıcı sızıntıdan belə ovqatın uzaq idi. Lakin sizə baxan hər kəs Seymurun könül dünyasına müqəddəs hisslərin lal axınını duya bilərdi. Bax buna şəkk-şübhən olmasın. İnsanların bir-birinə məftunluğu onların gözlərindən oxunur.
İncə – Sus, Gövhər, sus. Qara saçlarımı ağ hörən vədəmdə sən mənə nələr deyirsən, nələr söyləyirsən? Mən nə haydayam ki, sən deyən hisslər baxışlarımda, üz cizgilərimdə oxunmuş olsun. Ayıb ola, nə işlər tutmuşam, ay Allah?! Günahlaramı batırmışam özümü?! (Elturanın şəklinə sarı çevrilir, gözlərində yaş gilələnir) Bağışla məni, qardaşım! Keç günahlarımdan, Ulu Tanrım! Sən mənə rahatlıq gətir ey, Uca və Ulu Göylər!
Qapının zəngi çalınır. İncə tez-tələsik özünü yığışdırır.
Artırmaya çıxır. Gələn qonşu qadını Gülsabahdı.
Gülsabah – Bağışla qızım, səhər-səhər narahat etdim sizi.
İncə – O nə sözdür deyirsən, Gülsabah xala. Bizim qapı həmişə sizin üzünüzə açıqdır. Xoş gördük! Xoş gəlib, səfa gətirmisən!
Gülsabah – Xoş günündə görüşək, qızım! Xalan sənə qurban. İnci bacım neçə gündür gözümə dəymir. Həyət-bacaya düşmür. Eşitdim xəstədir. Dedim, bir baş çəkim ona. Deyər, Gülsabah şəhər suyu içən kimi etibardan düşdü. Axı, qaçqın düşüb mən Bakıya pənah gətirəndə, çətin günümdə mənə əl tutan, yaxınlıq göstərən ilk adam İnci xanım olub. Mənə bacılıq edib. Boynumda dünyalar qədər haqqı var.
İncə – Elə danışmayın, siz Allah, Gülsabah xala! Üstünüzə sağlıq, anamın bir az baş ağrısı var. Yatağından hələ qalxmayıb.
Bu zaman İnci başı çalmalı yataq otağının qapısı ağzında görsənir.
İnci – Ay qız, Ərəbzəngi kimi səhər-səhər nə kəsdiribsən qapını. Gülsabah bacını evə dəvət etsənə. Qoy bir içəri keçsin. (Gülsabah ilə öpüşürlər)
Gülsabah – İnci bacı, vallah, bu çörək pulu qazanmaq başımızı elə qatıb ki, dost-tanış nədir e, doğma bacı-qardaşdan da bixəbər qalmışıq. Bacıcan bu nə çalma-filandı? Olmasın azar-bezar, nə dərdin, qadan var gəlsin mənə.
İnci – Canın dərd-bəla görməsin, Gülsabah bacı. Yenə də qan təzyiqim qalxıb, mənə rahatlıq vermir. On gündən artıqdır ki, başım partlayır. Dava-dərman da atıramsa da bir xeyri olmur. Həkimlərin də yanına gedirsən, hərəsi bir sicimləmə şey yazır. Bilmirsən, hansının dediyinə əməl edəsən. Hansı kinədən atasan. Nə alasan, atasan ki, bir xeyri olsun.
Gülsabah – Özünü dava-dərmana çox öyrətmə, bacı. Dərman qisminin bir şeyə xeyri varsa, çox şeyə də ziyanı var. Hamısı zəhərdi. Heyif səndən Alagöz dağı! Hər gül-çiçəyin bir can məlhəmi, min dərdin dərmanı idi. Hər kol-kosunun dibi bir aptek köşküydü. Heç elə bil yoxuymuş o yerlər, o günlər. Zəmanən dağılsın, ay fələk.
İnci – Nə bilim, vallah! Tanqut əlinə düşəni davaya, dərmana verir. Eh, Gülsabah bacı, indi xəstələnmə. Yıxıldın, yataqdan çətindi qalxmaq. Dava-dərmanın da əvvəlki keyfiyyəti, təsir gücü yoxdur elə bil.
Gülsabah – Bəs nə bilmişdin, İnci bacı, indiki dərmanların eləcə adıdı. Çoxu da saxtadı. Üstlərində yaxşıca bəzək-düzək vururlar. Xaricilərin işi göz aldatmaqdır, reklamdır. Bolluca dərman adları var ancaq.
İncə – Nə bilək xeyir-ziyan hansındadır?! Bayaqdan qızıma irad tuturdum. Mən ondan beşbetər olmuşam. (Gülsabahın qlundan yapışır)Ayaq üstə saxlamışam, səni, Gülsabah bacı, buyur içəri, oturaq. İncə bala, adama bir stəkan çay gətir.
İncə mətbəxə gedir. İnci, Gülsabah qonaq otağına keçirlər.
Gülsabah – Elə dərdlərə mübtəla olmuşuq ki, yanğımızı heç çay da söndürməz. (Gözü Gövhərə sataşır) Bəs bu xanım-xatun qız kimdir, İnci bacı? Məni bu gözəl xanımla tanış etmədin, axı.
İnci – Bənd olma. Açıb-ağartma, bacı. Bu bizim keçmiş erməni qonşumuz olub. Qarabağdan Ballıcalı Babacanın qızıdı, girovdu. Tanqut döyüş bölgəsindən gətirib. (Doluxsunur) Anası ölmüş Elturanın itkisinə görə saxlayırıq. Əlaqə saxlamışıq, atası Babacan vasitəsi ilə Elturanı axtardırıq. Görək balamın əsir düşməsi, sağ-salamat olub-olmaması barədə bir xəbər-ətər öyrənə biləcəyikmi?!
Gülsabah – (Rəngini atır) Bu nə haldı, titrəmədir, məni tutur, Allah! Yoxsa qara vırqın vurur məni. Bütün bədənim uçunur, əsməcə tuturam. Beynim şaq-şuq sancır. Əzalarım sanki dartınır, aralanır bir-birindən. Ermənidən uzaq olan məkrdən, hiylədən, kin-küdurətdən, xəta-bəladan uzaq olar, bacı (sarsıntı içində qıvrılır).
İnci – (Qorxmuş halda) Sənə nə oldu, ay Gülsabah bacı, rəngin-rufun qaçdı büsbütün. Gicgahlarından biz-biz tər qaynayır. Sən Allah, özünü ələ al, bizi peşman etmə, Gülsabah bacı! (İncəni səsləyir) Ay qız, İncə, oradan bir stəkan çay, sərin su gətir, cəld ol! (Qolundan yapışıb Gülsabahı divana otuzdurur)
Gülsabah – Yox, yox, İnci bacı, keçirdiyim hisslər özümdən asılı deyil. Neynim, erməni adı gələndə özümü ələ ala bilmirəm. Bütün əsəbilərım yerindən oynayır, tarıma çəkilir. Elə bil beynim ortasından partlayacaq bu an. (Qəfil yerindən qalxır, özünü Gövhərin üstünə atır.) Ləçəri boğmasam mən sakitləşə bilmərəm. Erməni olan kəs mənim düşmənimdir. Elə bir qan tökməyiblər ki, qiyamətəcən bunlarla barışa bilək. Erməni görəndə, havalanıram!
İnci – Səhərin bu məhrəm vaxtı biz nə xətaydı düşdük, Allah! Ay Gülsabah bacı, insaf da dinin yarısıdır. Baş kəsən, qan içən dığaları buraxıb nə düşmüsən bu yazıq qızcığazın üstünə. Özünü ələ al, Allaha səvən!
Gülsabah – O dığaları da doğan, tərbiyə edən məgər bunun kimi qancıqlar olmayıbmı?! Elin qanını eldən alarlar! (İncə gəlir, anasına kömək etmək istərkən su əlindən tökülür. Ana-bala Gülsabahın qollarından yapışır. Gövhər qorxudan tir-tir əsir, evin bir küncünə qıs-ılır) İnci bacı, İncə bala, buraxın məni, bu saat bu harsın qancığını bu əllərimlə boğaca-ğam! Onu boğmasam sakitlik tapammayacağam. Buraxın məniii!!!…
İnci – Daşnakların törətdiyi cinayətə görə Gövhərdimi cavabdeh, Gülsabah bacı?! Gövhərin təhlükəsizliyinə, sağlamlığına zamin duran bizik!
Gülsabah – Ermənilər mənə oğul dağı çəkib, oğul dağı deyirəm sənə! Nə idi onun günahı, heç nə. Deyib ki, evimdən çıxmıram. Nə ixtiyarla evimə basqın edirsiniz, üstümə gəlirsiniz, vəssalam! Bir kəlmə düz sözünə görə qanına qəltan ediblər. Dağ boyda oğlumu tikə-tikə doğrayıblar. Evinə od vurub yandırıblar. Arvadıyla körpələri də içində yanıb kül olub. Bütün ermənilərə, erməni olan kimsələrə nifrət edirəm, nifrət! Buraxın məni. Bu saat ürəyim partlayacaq! Düşməndən qisas almalıyam!
İnci – Yox, ay Gülsabah bacı, millətin hamısını qaniçənlərlə eyniləşdirmək olmaz. Günaha batma! Hər millətin içində yaxşısı da var, pisi də. Özünü ələ al. Sakitləş bir az, Allaha tapın!
Gülsabah – Yox, yox, bunların yaxşısı yoxdur. Erməni ermənidir elə! Bunların nə yuvanın quşu olduğunu siz mənim qədər bilə bilməzsiniz. 60 il onlarla dostluq, qonşuluq, yoldaşlıq, cici-bacılıq etmişəm. Hamısı əfsanəymiş. Çətini əllərinə fürsət düşüncədir. Kəmfürsətlik edəcəklər. Bunlara qətiyyən ürək qızdırmaq olmaz. Qızdırdıq, axırını gördük. Axırımıza çıxdılar. Bizi qırıb çatdılar. Uf da demədilər!
İncə – Yox, Gülsabah xala, səhvin var. Gövhərgil sən deyən ermənilərdən deyil. Onlarla qonşu olmuşuq. Bir pisliklərini görməmişik. Sən Allah hirslənmə. Hirsini boğ, səbrin olsun!
Gülsabah – Sən bilmədiyin işlərə qarışma, qızım. Erməni deyilən məxluqatın ürəkləri başdan-başa şər yuvasıdır. Məlunların yəcuc-məcuclardan fərqi yoxdur. Buraxın məni. Bu harsın qancığını boğmasam, ürəyim soyuyan deyil, sağ qalsa daşnaq dığaları doğub törədəcək, türkə qənim böyüdəcək. Buraxın məniii!!!…
İnci – Ay qız, İncə, tez ol, qaç mətbəxə bir stəkan sərin su gətir. Gülsabah bacı, sən Allah, sakitləş. Dözümün olsun! Tanqut haradasan?
İncə su ardınca gedir. Səs-küyə Tanqut yuxudan ayılır, yatağından qalxıb gəlir.
Tanqut – Özünü toxtat, Gülsabah bacı. Qızı mən öhtəmə götürmüşəm. Salamat saxlanmasına cavabdeh mənəm. Əmanətə xəyanət olmaz!
İncə su gətirir. Gülsabaha su içizdirirlər. Üzünə su səpirlər. Bir az özünə
gəlir, sakitləşir. Amma təngənəfəslikdən qurtula bilmir.Kürəklərin enib-qalxır.
Gülsabah – Ermənilərin baş tovlaması qurtarmaz, Tanqut qardaş. Demirəm saxlama, saxla. Amma evini murdarlama. Nəyə görə bu qancığı pərqu yorğan-döşəkdə yatızdırırsan? Bunu aşağıda, zirzəmidəki it damında saxlamaq lazımdır, düşməni evin yuxarı başına çıxarmazlar.
Tanqut – O da bizim kimi insan deyilmi, ay Gülsabah bacı? Niyə elə deyirsən?!
Gülsabah – Yox, Tanqut qardaş, dünyanın sel-suyunu toplayasan, axıdasan bir yerə, erməni olan kəsi o sel-sudan keçirəsən, havayı şeydir. Qüsl olmaz! Onları təmizə çıxara bilməzsən. Allaha asidilər. Şeytandan törəmədi bunlar.
Tanqut – Gülsabah bacı, Sizin sözlərinizdə həqiqət var. Amma baltanı kökündən vurmaq insafdan deyil. Göydən Allah baxır, axı. Biz iman yiyəsiyik. Bir ayağımız burda, o biri gordadır.
Gülsabah – Yanılan mən olum, təki, Tanqut qardaş. Dilim qurusun bu sözləri dilimə gətirdiyim yerdə. Elə bilirsən ermənilər sənə sağ-salamat oğul verəcəklər. Buna mən inanmasam da qoy hər şey siz düşünən kimi olsun. İstəməyənin də iki gözü kor olsun, ovcuna tökülsün. Amma mən ölü, siz diri, yaşayarıq, görərik. İşığa kor baxım ki, mənim erməni deyilən kimsəyə bir cıqqana etibarım yoxdur.
Tanqut – Böyük imamımız Həzrəti Əli deyib ki, ümidsizliyin özü də küfrlükdür. Danışıqlarsız da keçinmək olmur. Qaçan da Allah çağırır, qovan da.
Gülsabah – Nə deyirəm ki? Təki tovlamasınlar sizi. Aldatmasınlar, aldanmayasınız!
Telefon zəng çalır. Dəstəyi İncə qaldırır.
Seymur – Alo! Alo!…
İncə – Bəli, bəli, eşidirəm. Seymur, sənsən?!
Seymur – Əzizim, mənəm. Tanqut dayı, İnci xala necədir?
İncə – Yaxşıdılar. Sənə salam-duaları var.
Seymur – Tanqut dayı evdədirmi? Dəstəyi ona ver.(İnci dəstəyi atasına verir)
Tanqut – Alo! Alo! Kimdir? Sənsən, Seymur bala?
Seymur – Bəli mənəm, Tanqut dayı. Səhər-səhər müjdə vermək istəyirəm sizə, Tanqut dayı, eşidirmisən?! Elturandan ilk xəbərdir. Sübh tezdən Babacandan almışıq.
Tanqut – Çox sağ ol, bala. Allah köməyinizdə dursun. Mənim ümidim ancaq sizədir.
Seymur – Sizinlə birgə! Tanqut dayı, Babacangil Elturanın izinə düşüblər, yerini tam müəyyənləşdiriblər. Elturan Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılır. Adı gizlədilir. Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin Ermənistan nümayəndələrini də artıq işə qoşublar. Səhhəti barədə hələ dəqiq məlumatları yoxdur. Beş-on günə Babacandan təkrar xəbər gözləyirik.
Tanqut – Nolar, qoy, hər şeyi ölçüb-biçsinlər, yerli-yataqlı öyrənsinlər. Mənim adımdan Babacana çatdır ki, nəyəsə qızırqalanmasın. Biz tərəfdən bir yardım-filan gərəksə, hazırıq, de. Köməkləşək görək nə edirik?!
Seymur – Məncə Babacanın danışığında bir saxtalıq-filan yoxdur, varsa da mən hiss etmirəm, dayı. Deyir ki, Gövhərsiz belə Tanqut kişinin adı gələn yerdə mən baş qoymağa hazıram. Elturanın özünü də yaxşı tanımağından danışır. O ailəyə böyük hörmətim var, deyir.
Tanqut – Təki siz deyən kimi olsun.
Seymur – Gövhərə də salamları var. (Tanqut dəstəyi Gövhərə verir) Gözəl Dezdemonanın əhvalı-şərifi necədir?
Gövhər – Necə olmalıdır ki? Siz yoluxandan pis deyil.
Seymur – Deyintili danışdın, Gövhər? Dezdemonanı Otello heç vaxt yaddan çıxarmaz. Atandan, qohum-əqrəbalarından qucaq-qucaq salamlar var sənə.
Gövhər – Göndərən də, deyən də sağ olsunlar! (kövrəlir) Buranın da öz Otellosu var. Sənə ehtiyac yoxdur.
Seymur – Nə?!
Tanqut – (Dəstəyi alır) Hə, Seymur, sənin Otello olmağın yalanmış, bala. Bizim öz Otellomuz var. Dezdemonanı boğmağa hazırdı. İntəhası fərq bir ondadır ki, bizim Otello qadın qiyafəsindədir.
Seymur – Yoxsa kişidi, qadın paltarı geyib əyninə.
İnci – (Dəstəyi alır) Kişinin sözünü qəribliyə salma, oğul. Gülsabah bacılığım heydən-hərəkətdən düşübdü. Güclə sakitləşdirmişik. Budurana yanımızda, divanda tövşəli qalıb.
Seymur – Deyirəm bəlkə mənimlə zarafat edirsiniz. Əməlli-başlı çaxnaşma var ki.
İnci – Gövhəri qəfil evdə gördüyünə yazıq arvadın ürəyi ağzından çıxırdı. Neynəsin, gözünün qabağında pəhləvan cüssəli balasını doğrayıb daşnaklar. Külfəti içində evinə də od vurub yandırıblar. İndi erməni adı gələndə, erməni görəndə özünü ələ alammır. Yazığı qınamalı deyil (gözlərində yaş gilələnir).
Seymur – Siz ağlayırsınız, İnci ana?!
İnci – Göz yaşı mənim pənahımdı. Onsuz nəfəs almağım, nəfəs dərməyim mümkünsüzdü. Elturanın iztirabları məni tərk etmir. Bir an məni dinc buraxmır. Varlığıma hakim kəsilibdi. Qanlı yuxulardan can qurtara bilmirəm, bala.
Seymur – Kədərin də, göz yaşı axıtmağın da axı bir ölçüsü, həddi-hüdudu olmalıdır. Ağladıqca dərd azalmır, tay da artır. Çalışıb özünüzü ələ almağınız gərəkdir, İnci ana!
İnci – Çox sağ ol, bala! Allaha şükranlar edirik. Qoy sizi tərəhhüm nəzərində saxlasın, yazığıq (hıçqırır, Tanqut ona yaxınlaşır).
Tanqut – Ay İnci, bu hıçqırtı nədi, sən Allah. Yenə başlamısan. Elturandan səs-soraq çıxıb. Biz ağlamamalıyıq. Allah-təaladan dilək tutmalıyıq. Əl-ayaq elə. Növbəyə çataq. Fasiləyə düşməyək. Həkimə gecikərik (İncə dəstəyi anasından alır. İnci və Tanqut yataq otağına keçir).
Seymur – İnci xalaya bir övlad kimi ana məhəbbətim var. Dözümsüzlüyünə acıyıram, üzülürəm, İncə. Anandan muğayat ol!
İnci – Anam öz iztirablarıyla tək səni, özünü yox, bütün ailəmizi, qohum-əqrəbalarımızı üzür. Görəsən o gün gələcəkmi. Əzabın bu can sıxıntısından qurtara biləcəyikmi, Allah?
Seymur – O gün mütləq gələcək, İncə. Hər axşamın bir gündüzü var.
İncə – Bizimsə üzümüzə qara pərdə tutan axşamın zülməti qurtarmaq bilmir, Seymur. Nədənsə danı dənzərmir, qaranlıq qatı sökülmür. Gündüzümüzü də qaraya boyayır.
Seymur – Allah qoysa, üzümüzə açılan sabah aydınlaşar. Gün gələr bizi qaranlıqdan işığa çıxarar, İncə.
İncə – Təki sən deyən olsun, Seymur. Deyəsən ara kəsilir. Sağ ol! Mən də məktəbə tələsirəm. Bu gün praktikumdur. Salamat qal!
Seymur – Sağ ol! Dərslərində müvəffəqiyyətlər!
İnci dəstəyi asır. Gülsabah yerində qurcunur.
Gülsabah – Başımı tamam itirmişəm. O sudan bir qurtum da ver içim, İncə bala. Xəbər məni toxtatdı xeylaq. Nə üçün gəlmişdim, eynimə sala bilmirəm. Niyə gəldiyimi sonra yada salaram. Mən gedim. (su içə-içə) Lənət şeytana.
İncə – Amin! Gəl birgə çıxaq, Gülsabah xala.
Onlar qalxırlar. Bu zaman qapının zəngi çalınır. İncə qapını açır.
Gələn Sarışınsaç və onu müşayiət edən şəxsdi.
Gülsabah və İncə artırmada ayaq saxlayırlar.
Sarışınsaç – Hay du yu du!
İncə – Qud aftanun!
Sarışınsaç – Aym qləd tu mit yu.
İncə – Zənkyu!
Sarışınsaç – Biz Qırmızı Xaç Cəmiyyətinin Bakı nümayəndəliyindən gəlmişik. Girov qızla görüşmək istəyirik. İçəri keçməyə izn verirsinizmi?
İncə atasını səsləyir. Tanqut artırmaya çıxır.
Tanqut – Buyurun, keçin. Gələni qapıda saxlamaq bizim adətimiz deyil.
Sarışınsaç – Təşəkkür edirik.
Tanqut – Dəyməz!
Gülsabah, İncə gedir. Tanqut, Sarışınsaç və onu müşayiət edən şəxs qonaq otağına keçirlər.
Sarışınsaç – Biz xoşməramlı və mərhəmət göstərən bir təşkilatı təmsil edirik. Rəhbərliyin göstərişi ilə gəlmişik. Girov qızın vəziyyəti ilə maraqlanırıq. (Gövhərlə salamlaşır. Tanquta) Etiraz etmirsinizsə, sorğumuzu aparaq. Qızla danışığa girək. Bu məqsədlə sizi narahat edirik.
Tanqut – Məsləhətdirsə, lap qızla sizi tək də buraxa bilərəm.
Sarışınsaç – Fayn!
Gövhər – (Sarışınsaça etiraz edir.) Nou, nou. Yox, Tanqut dayı, sizdən gizli heç bir sözüm-söhbətim ola bilməz. Təvəqqe edirəm, burada qalasınız.
Sarışınsaç – Nolar, necə istəyirsiniz. Missiz Gövhər, xahiş edirəm ki, yaşayış şəraitiniz, xüsusilə, gündəlik menyunuz haqqında bizə ətraflı məlumat verəsiniz. Fiziki işgəncələrə, mənəvi təzyiqlərə məruz qalma halları olubmu? Həyatınıza hər hansı bir təhlükə-filan gözlənilmir ki?
Gövhər – Əsla yox! Yaşayış, məişət şəraitim barədə heç bir narazılığım yoxdur. Həyatım barədə də heç bir təhlükə hiss etmirəm. Özümü doğma adamlarım arasında olduğu kimi hiss edirəm. Biş-düş, mətbəx işləri isə çox vaxt mənim öz ixtiyarıma buraxılır. Hər cür ərzaq təminatım var. Saxlanma şəraitimdən və təhlükəsizliyindən birə-beş razıyam.
Sarışınsaç – Saxlanıc yerinizin dəyişdirilməsi barədə rəyinizi öyrənmək istərdik. Razılığınızla dövlət təşkilatları qarşısında məsələ qaldıra bilərik.
Gövhər – Mən həyatımı özümə bir ata qədər yaxın bildiyim Tanqut dayıya etibar etmişəm. Biz hamılıqla mərhəmətinizi, yardımınızı, köməyinizi Elturanın həyatının xilas edilməsinə yönəltmənizi xahiş edirik. Olan imkanlarınızı əsirgəməyəsiniz. Narahatçılığım ancaq Elturandandır.
Sarışınsaç – Əlbəttə, Elturanın axtarışında biz əlimizdən gələni edirik. İmkanımız daxilində fəaliyyət göstəririk. Haqqındakı məlum olaylar bizə də çatdırılıbdı. Əfsuslar olsun ki, bizim cəmiyyət milli təhlükəsizlik orqanlarının işlərinə qarışmaq imkanından məhrumdur. Cəhd göstərəcəklərinə əminəm. Ciddi iş görəcəkləri istisna deyil.
Tanqut – (Əl işarəsiylə Gövhəri çay dalınca göndərir, Sarışınsaça) Bəs necə olur ki, siz Azərbaycanda evdə girov saxlanılan Gövhərdən heç üç gün keçməmiş xəbər tutursunuz, Ermənistanın dövlət təşkilatlarında üç aydan çox bir müddətdə girov saxlanılan əsirin yerini müəyyənləşdirməkdə bu qədər acizlik göstərir, çətinlik çəkirsiniz. Mülkü adamlarsa maraqlanan kimi istədiklərini edə bilir.
Sarışınsaç – İş burasındadır ki, erməni məmurlarından söz almaq çox çətindir. Nəyi, kimi istəsələr gizlədirlər. Azərbaycanda isə dövlət özü əsirlərin, girovların yerini müəyyənləşdirməkdə bizə yardım edir. Şərait yaradır. Erməni uşaqlarının özü belə bizimlə diplomat kimi danışır. Bizi yanlış yola salır. Onlarla işləmək müşkül məsələdir.
Tanqut – Sözlərinizdə həqiqət var, xanım qız. Lakin xristian təəssübkeşliyindən yan keçə bilməməyiniz də özünü büruzə verir. Bizlərə ikili yanaşmalar xəstəliyindən qurtula bilmirsiniz.
Sarışınsaçın etirazına baxmayaraq Gövhər onlara çay süzür.
Sarışınsaç – (Tanquta) Qayğıkeşliyinizə görə sizinlə bir stəkan çay içməyinə dəyər. (Gövhərə) Əgər, məktublaşmaq istəsəniz valideynlərinizlə əlaqə yarada bilərik. Bu, bizim səlahiyyətimizə daxildir.
Gövhər – Çox sağ olun! Lazım gələrsə yaza bilərəm. Hələ ki, ehtiyac yoxdu. Valideynlərimlə özümüz əlaqə saxlayırıq. Başqa nə sözünüz, sualınız varsa cavab verməyə hazıram.
Sarışınsaç – Məncə başqa nəysə soruşmaq artıqdandır. Hər şey bizə bəlli oldu. Öz problemlərinizi özünüz həll etməyə qadirsiniz. (Qalxır. Tanquta) İndi isə icazə verin biz gedək. Siz çox xeyirxah insanlarsınız. Mən sizlərə qibtə edirəm.
Tanqut – Yox, canım, hara tələsirsiniz. Nahar vaxtına bir şey qalmayıb. Əyləşin, bizimlə bir tikə çörək kəsin. Qonaq evin bərəkətini artır, - deyib babalarımız.
Sarışınsaç – Dəvətinizə və çay süfrənizə görə çox sağ olun! (Gövhərə) Bu da bizim vizit kartımız. Buyurun alın. Nə problemləriniz olsa nümayəndəliyə zəng edin. Kömək etməyə hazırıq. Hamılıqla salamat qalın! Si yu.
Gövhər – Qudbay!
Sarışınsaç və onu müşayiət edən şəxs gedir. İnci gəlir.
İnci – Ay, kişi cəld ol, gedək, görək sənin bu özəl həkimin bizə nə deyəcək. Gövhər qızım, mətbəx sənin öhdəndə qalır. Biz bir saata, uzağı saat yarıma qayıdırıq.
İnci, Tanqut çıxır. Gövhr ayağa qalxır. Yenə də Elturanın
şəkliylə üzbəüz qalır.
Gövhər – (öz-özünə) Yenə də ikimizik. Mən və sən, Elturan. Yenə də qeyri-adi hisslərlə baş-başayam. Mənim pıçıltılarıma cavab ver, Elturan! Gözə görünməz tellər nə üçün bizi birləşdirməyə qadir deyil? Aramızdakı uçuruma körpü salacaq hisslər, duyğular nə vaxt qavrayışımızda özünə yer tapacaq, Elturan?
Yenə də Elturan səhnədə görsənir.
Elturan – Məgər azmı ünsiyyətdəyəm səninlə, Gövhər?! Mən öz danışıqlarımla bu günə kimi səni yormuş olduğumu, təngə gətirdiyimi zənn edirdim.
Gövhər – Sən xəyalsan, özün deyilsən, Elturan. Xəyalla danışılan söhbətin əsli olmaz.
Elturan – Ya özüm, ya xəyalım olsun, hər iki halda danışan məgər mən özüm deyiləmmi?! Neçə illər bir sinifdə oxumuşuq, məktəbə bir gedib-gəlmişik. Qonşu olmuşuq. İndiyədək məni tanımamısanmı?! Sözümün bütövlüyünə inanmamısanmı?! Yoxsa, məni dil pəhləvanı kimi qiymətləndirirsən, Gövhər?
Gövhər – Əsla yox, Elturan. Səninlə bağlı xatirələrə qayıtmaq ən əziz anlarımdı. Axı, mən bu gün səndən nə istədiyimi heç özüm də düz əməlli-başlı dərk edə bilmirəm. Yoxsa, o, idbar, qozbel Cülyetta müəlliməyəmi görə bütün erməni qadınlarına, qız-gəlinlərinə nifrət edirsən? Yadındadırmı, sənin barəndə qaldırdığı şovinist şagird söhbəti, qalmaqal, hay-küy?
Elturan – Necə də yadında qalıb o əhvalat, Gövhər. Mən nə üçün Cülyetta müəllimənin bədnamlığını bütün erməni qadınlarının, qız-gəlinlərinin ayağına yazmalıyam?!
Gövhər – Adı ona haram olsun. Pis adamın pis əməli yadda qalan olur. O mənim də haqqımda valideynlərimə həmişə şər-böhtan deyirdi. Sonralar anladım ki, mənim günahım türk uşaqları ilə oturub-durmğıma görə imiş. Bu hərəkətim Cülyetta müəlliməyə xoş gəlmirmiş. Ax, daşnaq qadın!
Elturan – Axı, mən nə etmişdim Cülyetta müəlliməyə. Tənəffüsdə Seryoja dedi ki, Bakı rus şəhəridi. Burada ruslar xalq qəhrəmanı Razinin dövründən məskunlaşıblar. Mən də ona qandırdım ki, Stepan Razin quldurun biri olubdu. O dövrdə kim idi rusların burda məskunlaşmasına imkan verən, ay axmaq. O da mənim sözümü Cülyetta müəlliməyə çatdırdı ki, Seymur xalq qəhrəmanı Razini quldur adlandırır. Cülyetta müəlliməyə də elə bu lazımımış ki, məni şovinist şagird kimi ifşa etsin.
Gövhər – Əslində sən onu ifşa etdin, Elturan. Sən ona öz idbar daşnak sifətini özünə göstərdin. Öz adınızı nə üçün mənə qoyursunuz – deməyinlə, Cülyetta müəllimə o zaman yalandan özündən getdi. Ayılanda qırx illik pedaqoji fəaliyyətim dövründə Elturan kimi əxlaqsız şagirdlə üzləşməmişəm, dedi. Sənin məktəbdən çıxarılmağın barədə məktəb rəhbərliyinə raport yazdı, rayon təhsil şöbəsi qarşısında məsələ qaldırdı.
Elturan – Atamın əlinə girəvə keçdi bununla da. Elə əvvəldən hey azaylanırdı ki, küyə düşüb səni nahaq yerə rus dilli məktəbə qoymuşam. Cülyettanın şikayəti yerinə düşdü. Gec də olsa səhvini düzəltdi. Məni ana dilli məktəbə adlatdı. Mən israr edəndə – iti hürdürmə – dedi.
Gövhər – Cülyetta müəllimə elə hey sənin dalınca qeybət qırırdı. Millətçi şagird adıyla səni məktəbdən çıxarmağından fəxrlə danışırdı.
Elturan – Deyilənlər keçmiş ola, Gövhər. Deyirlər Cülyetta müəllimə indi Kırosnadar şəhərində peraşki satır. Burax getsin.
Gövhər – Yox, Seymur, bir də bir məsələni yadınıza salmaq istəyirəm. Bizimlə bir sinifdə oxuyan Samirə barəsində nəysə səndən sormaq olarmı? Samirə yadında varmı? Hamıdan gözəl, göyçək bir qız idi. Axı, sən həmişə onunla yaxınlıq edirdin.
Elturan – Gövhər, doğrudan da Samirə zahirən çox gözəl qız idi. Bəlkə də məni ona bağlayan ötəri hisslər də olub. Əslində isə mən dərslərini zəif oxuduğuna görə Samirəyə yaxınlaşırdım. Ona köməklik etmək istəyirdim. Onun dərslərində sizdən, rus, erməni qızlarından geri qalmasını, zəif oxumasını qəbul edə bilmirdim. Samirənin gözəlliyinin paxıllığını çəkən nəinki qızlar, müəllimələr də az deyildi. Dərslərini bilmədiyindən istifadə edib ağına-bozuna baxmadan haqqında nə sözlər gəldi işlədirdilər. Arabir təhqirə də keçirdilər. Bu da mənim izzət-nəfsimə toxunurdu.
Gövhər – Osa qızlara bəyan edirdi ki, Elturan dərdimdən dəli-divanədir. Biz bir-birimizi sevirik. Siz bizim məktəbdən çıxandan sonra da bizə sizinlə görüşməyindən, kinoya, gəzintiyə bir çıxmağınızdan danışırdı.
Elturan – Yox, Gövhər, Samirə ilə aramızdakı münasibət sevgi-məhəbbət duyumunda olmayıb. Zahiri gözəlliyi ilə çox qürrələnirdi. Daxili, mənəvi zənginliyi barədə qətiyyən düşünməzdi. Biz bir ola bilməzdik.
Gövhər – Onun öz gözəlliyini gözə soxması hamımızda ona qarşı xoşagəlməz bir əhval-ruhiyyə yaradırdı. Özündən razı, ədalı gəzirdi. Amma di gəl dərs barədə üzünə hər söz dedizdirirdi. Oxumaq əvəzinə müəllimlərin qarasınca deyinirdi. Mənim gözəlliyim ox olub gözlərinə batır. Məni gözləri götürmür. Oxumaq nəyimə lazımdır, axı. Gözəlliyim özümə bəsdi, deyirdi (Mətbəxdən yanıq iyi gəlir. Bu iyi ilk hiss edən Elturan olur).
Elturan – Bu nə yanıq iyidir evi basıb. Yoxsa elektrik xəttində qısa qapanma-filan var.
Gövhər – (devikmiş halda) Vay, vay, işləri korlamışam, deyəsən. Mətbəxi yaddan çıx-armışam. Axı, mətbəx mənim öhdəmdədir, əzizim. Bağışla məni!..
Gövhər mətbəxə qaçır. Elturanın xəyalı səhnədən çəkilir.
Pərdə
3-cü şəkil Gecədir. Gövhər məktub yazmaqla məşğuldu. Elturanın şəklinə baxa-baxa
həm də xəyala dalıb. İncə gəlir.
İncə – Gövhər, məktub yazmağın nə uzun çəkdi. Gecə yarıdan keçibdi, amma sən yatmamısan hələ. Olmaya, yoxsa povest, roman yazırsan?
Gövhər – Yox, İncə-can, hisslərimi olduğu kimi kağıza köçürmək istəyirəm. Atama, anama, qohumlarıma andırmaq, qandırmaq istəyirəm ki, onlar Elturanı deyil, məni axtarırlar. O, mənəm, Elturan mən özüməm. İncə-can, indi mən elə hisslərin təsiri altında yaşayıram ki, özüm-özümü unuduram tamam. Girov olmağım, əsir düşməyim yaddan çıxır. Reallıqdan, gerçəklikdən uzaq deyiləm ki?! Mən Elturan olduğum qədər, Elturan da Gövhər ola bilərmi?!
İncə – Yoxsa Dezdemona kimi düşünürsən sən də, Gövhər?!
Gövhər – Məzən olsun, ay Seymur, mənə ad qoyduğun yerdə. İncə-can, Seymuru səndən uzaqlaşan görəndə onu ürəyinə girən görmüsənmi, heç?! Səni ülvi məhəbbətinin qanadları altına necə çəkən şübhədir, yoxsa heyrət?!
İncə – Əlbəttə, heyrət, Gövhər. Həmişə onun barəsində düşünürəm. Bir qayda olaraq mən onun ardınca gedirəm. Bu hal bəlkə də qardaş ağrısının ağırlığı altında qaldığıma görə mənə belə görünür. Hər halda onun məhəbbətini çağlayan dağ çayına bənzədən də, özümünkünü onun yanında lal və lam axan görürəm.
Gövhər – Hisslərin aldadır səni, İncə-can. Sizin ürəkləriniz bir tonda vurur, nəbziniz bir ahəngdə döyünür. Mən isə ruhi bir məhəbbətin məhbusuna çevrilməkdəyəm, İncə-can. Qorxuram özüm-özümdən.
İncə – Gövhər, məktub yazmaqla məşğulsan, amma mizrabı hey sarı simə toxuyursan.
Gövhər – Mətləbim heç özümə də bəlli deyil, İncə-can. Ruhum mənə rahatlıq vermir. Bu otağa girdiyim gündən Elturanın xəyalı canlı varlıq kimi mənimlə bir yatır, bir durur. O canlı xəyalla söhbətimiz bitib-tükənmək bilmir.
İncə – Gövhər, sənin hisslərini anlamaq mənim üçün çətindir. Həm də sən girov, o əsir, bir-birinizə düşmən kəsildiyiniz bir zəmanədə. Xəyala bir bax!
Gövhər – Dünyanın yaranışı nifrət, ədavət üstə qərar tutmayıb, İncə-can. Məhəbbət üstə köklənib, İncə-can. Müharibənin törədicisi şərdi, məkrdi, hiylədi. Tanrı məhəbbətindən, könlü məhəbbət hisslərindən uzaq insanların feli-fitnəsidir. Tarmar olsun müharibəni!
İnci gecə köynəyində qapı ağzında görsənir.
İnci – Dünya şirin, can əziz, dil də dodaqla diş arasına düşdükcə itilənir. Elə ki, sözün başına ip saldın, çəkdikcə uzanacaq. Xoruz banına az qalıb. Hələ yatmamısınız. İşıqları söndürün, yatın. Axşamın xeyrindən, gündüzün şəri yaxşıdır, deyib atalar. İncə, keç yatağına. Sabah məktəbə er getməlisən. Yuxudan ayılmaq bilməyəcəksən. Yenə də səni səsləməli olacağam.
İnci gedir. İncə öz yataq otağına keçir. Gövhər gözləri yaşlı Elturanın şəklinə baxa-baxa işığı söndürür. Xəyallar aləmində yatağına uzanır. Yuxuya getməsi ilə vaqiə görməsi bir an çəkmir. Elturan bəylik paltarındadı. Gövhər ağ libasda, gəlinlik donundadır. Onlar cənnət Qarabağın dilbər guşələrindən olan Ağoğlan dağının Ağbuta gədiyində üz-üzə gəlirlər. Elturan lal-dinməz dayanıb. Baxışlarında bir donuqluq hiss olunsa da, heyrətlə Gövhərə baxır. Gövhər həyəcan içindədir.
Gövhər – Gözlərimə inana bilmirəm. Qarşımdakı sən özünsən, yoxsa xəyalın, Elturan?! Könül butəni de, verməyəmi gəlmisən?!
Elturan – Nə üçün xəyal oluram? Mən özüməm, Gövhər. Ürəyimə dolan eşqin fəhmindən buta alıb gəlmişəm. Sən özün yar ol mənə, Ağoğlan Baba!
Gövhər – Ah, Elturan, Elturan! Bu günü necə həsrətlə gözləyirdim. Çırpınırdı ürəyim. Bu görüş yerini mənə nişan verən elə Ağoğlan Baba oldu. Ürəyimin döyünütüsünü eşidirmisən, heç?!
Elturan – Ah, Gövhər, Gövhər! Köksün qabarıb-çökən dalğalar kimi necə də təlatümdədir. İçimdən məni riqqətə gətirir. Səma ulduzları təki çöhrənə səpilən dan şəfəqinin sarbanına bənzəyirsən, Gövhər. Ulduz ulduzu çağırır.
Gövhər – Mənə qarşı bəsləyəcəyin hisslərin böyüklüyünə həmişə inanıram. İnanmışam da. Elturan Yer kürəsi məhvərindən çıxsa belə sənə olan məhəbbətimə zərrəcə sədəmə toxunmaz. Nə vaxtandır ki, cəfalı günlərimi sənin xəyalınla ovundurmuşam. Xəyalınla birgə oturub-durmuşam. Bu günün həsrətini çəkdiyim anlar indi məni bu günə çatdıran vüsalıma əl edir.
Elturan – Qəlblərimiz bir-birinə yaxın ikən nə üçün, nədən bir-birimizdən bunca uzaq düşmüşük, Gövhər? Nədən səninlə xəyalım birgə olub, özümsə yox?
Gövhər – Yox, yox, xəyalınla da mənə arxa olmusan, Elturan. Öz varlığınla ülvi istəyimdən ucada dayanmısan.
Elturan – Ah, sən nə böyük ürək sahibisən, Gövhər! Uzun illər fikrimdən, xəyalımdan belə keçirməzdim ki, nə vaxtsa ürəyimi ovsunlayıb qarşıma çıxan bir mələk sən olacaqsan. Tələm-təlsik Ağoğlan Baba nişan verən vədə yerinə qaçdım. Vaxt, imkan da tapmadım ki, əl-ayaq edib üst-başıma əl gəzdirim. Hərbi formanı dəyişim.
Gövhər – Əyin-başına nə olub ki. Əyninə ən gözəl kostyumunu geyinibsən. Sənə əla yaraşır. Mən onu şifonerinizin asılqanında çox görmüşəm. Əl də sürtmüşəm. Elturan – Mən könüllü cəbhəyə yollananda əynimdəki axı, sürtülmüş cinsi şalvar və bir də köynək olubdu. Mən bura gələndə çantamı ələk-vələk etdim. Əlimə heç onlar da keçmədi. Hərbi geyimdə birbaşa bura qaçdım. (Üst-başına baxır, təəccüblə) Özüm-özümü itirib tapmışam elə bil. Bu ki əsl möcüzədir. Burada tamam başqa bir libasda peyda olmuşam.
Gövhər – Sən nəyisə səhv salırsan, Elturan? İtirib-tapdığın ancaq mən ola bilərəm. Mən həmişə səni bu paltarda, bu yerişdə, bu duruşda, bu görkəmdə görəcəyimi zənn etmişəm. Tanrı möcüzəsinə həmişə inanmışam. Möcüzəyə inan. Ən böyük möcüzə Ağaoğlan Babanın bizi görüşdürməsi deyilmi?!
Elturan – Tanrı özü Ağoğlan Babaya şəfaverici qüvvə və övliyalıq haqqı verib. Xoşbəxtlik bizimlədir, inanc ocağımızın nəzər-diqqətindən yayınmamışıq biz.
Gövhər – Odur bizim inanc ocağımız. Əhdi-peymanımıza o da xeyir-dua verəcək. Ağoğlan Babanın mövlanə səsini eşidirmisənmi?!
Elturan – Eşidirəm, Gövhər, eşidirəm Ağaoğlan Baba odur, nuru cilvələnir, məbədin müqəddəs qapısından əl edir bizə.
Ağoğlan Baba mövlanə görkəmdə Ağoğlan məbədinin qapısı ağzında görsənir. Mövlanə çağrışla Elturanı, Gövhəri yanına səsləyir.
Ağoğlan Baba – Yaxın gəlin, mənim balalarım. Qara sevdaya mübtəla olanları Allah özünün sevimli bəndələrindən sayır. Əl-ələ verin, gəlin yaxına. Məbədin qapısı sevənlərin üzünə açıqdı. Ağ yola qədəm qoysun.
Gövhər – Əlini ver mənə, Elturan. Tanrı dərgahına birgə qalxaq. Ağoğlan Babadan xeyir-dua alaq.
Gövhər Elturanın əlindən yapışır. Onlar məbəd yerləşən zirvəyə qalxırlar.Ağaoğlan Baba astanada onları salamlayır. Bir-birinə sarınmış əllər üstünə o da əl qoyur.
Ağoğlan Baba – Allahdan irəli nəysə, kimsə varmı, mənim balalarım?!
Elturan və Gövhər – (birgə) Xeyr, Ağoğlan Baba! Yaradan Təkbirdir, Uca və Uludur! Əzəl də Odur, son da Odur!
Ağoğlan Baba – Allah səbəbdir. Səbəbi öndə görənlərdən, bilənlərdən olun. Allah-təalanın özü sizə bolabol, bir zəngin könül dünyası bəxş edib. İndi sizi bir-birinizə qovuşduran əhdi-peymanınıza vəfalı çıxdınız. Ərənlər üçdən deyib. İndi mənim xeyir-duamla məbədin başına üç dəfə dolanmanız gərəkdir. Xeyir-duamı qəbul edin. Dilək edin, öz niyyətinizi deyə-deyə arzu-istəyinizi bildirə-bildirə dönün. Tanrının varlığına and için, mənim şahidliyimlə muraza yetin.
Elturan, Gövhər əl-ələ verərək məbədin başına üç dəfə dolanırlar.
Ağoğlan Baba yenə onların əlləri üstünə əl qoyur.
Ağoğlan Baba – Nəsibiniz xoşbəxtlik, səadət olsun, iki canda bir qəlb olun, mənim balalarım. İnnən belə atacağınız hər addım, seçəcəyiniz yol-irz iradənizin hökmü altındadır. Qəbul edəcəyiniz hər bir qərar öz öhdənizə buraxılır. Tanrım sizə ali şüur, azad ruh əta etmişdir. Əqlinizin gücünə güvənin! Qəlbinizin səsinə qulaq asın.
Gövhər – Eşidirmisən, Elturan, Ağoğlan Babanın öyüdlərini. Həyatımızı yaşamaq öz ixtiyam-ıza buraxılır.
Ağoğlan Baba – Sözündə haqlısan, qızım. Ruhumuza hopmuş məhəbbətimiz var. Siz ruh, söz düzənində qoşa addımlayın, qarşıya çıxan çətinlikləri birgə həll edin, yollarınız üstündəki maneələri birgə dəf edin. Sevgi, məhəbbət dünyasında qoşa qanad çalın, mənim balalarım!
Gövhər – Gəl, gəl, Elturan, Ağoğlan Babaya əlvida deyək. Gözəllik, sevgi dünyasına qapı açaq, uzaqlara köç edək. Səadətimiz bizi gözləyən əmin-amanlıq diyarına – Xoşməkana uçaq.
Elturan – Mən nəyisə anlaya bilmirəm, Gövhər? Məgər Xoşməkan adlandırdığın o yer elə cənnət Qarabağın min bir laləzarlıqlarından, dilbər guşələrindən birinin adı deyilmi?!
Gövhər – Sənin Cənnət Qarabağında nə qədər ki, mərmilərin, raketlərin uğultusu, topların nəriltisi kəsilməyib, qan iyi, barıt qoxusu gəlir, cəhənnəmməkan olacaqdır. Nə qədər ki, başımıza mərmi yağışı yağmayıb, sinəmizi güllələr dəlmə-deşik etməyib biz bu yerləri tərk etməliyik, Elturan. Taleyimizlə oynamaq olmaz, Elturan. Biz xoş məkana doğru getməliyik. Ağoğlan Baba bizi məhəbbət, sevgi dünyasına səsləyir. Gəl, Ağ yola çıxaq.
Elturan – Yox, yox, Gövhər. Hissiyyata qapılma, ifrata varma! Vətənsiz, torpaqsız xoşbəxtlikmi tapmaq olar?! Qərib yerlərdə səadətəmi qovuşmaq olar?!
Gövhər – Olar, olar, Elturan. Biz bu gün cəhənnəmə bənzəyən Qarabağın bu viranəliyindən, bayquşlar ulaşan xarabazarlığından uzaqlaşmalıyıq. Xoşməkanda qanunlar hakimdir. Haqqın, humanizmin, insanlığın şahlıq etdiyi o yer bizim üçün həm vətəndi, həm də torpaqdı. Orada pisin, yaxşının öz həddi, öz hüdudu var. Sevgininsə sərhəddi, həddi-hüdudu yoxdur.
Elturan – (Ağoğlan Babaya üz tutur.) Ey övliya, sözünlə qəlbimizi ovsunlayan Ağoğlan Baba! Məgər ruhumuzun hopduğu cismani varlığımızın beşiyi – Ana torpaqdan uzaqlaşmaqmı olar? Əcdadımızın min illərin o üzündən başlamış bu günədək davam edən qan yaddaşının yurd-yuvasına dönmüş Vətən adlı anadan ayrılmaqmı olar?!
Ağoğlan Baba – Əsla! Xeyir – Vətənə sədaqətdən, ziyan – Vətənə xəyanətdən maya tutur mənim balam. Ədalətinizə güc etməyin heç zaman.
Gövhər – Məhəbbət ədalətdən öndə deyilmi, Ağoğlan Baba?! O insanları birləşdirmirmi?! İnsanı kamillik zirvəsinə qaldırır, arzu-kamına çatdırmırmı?!
Ağoğlan Baba – Bədxahlıqdan uzaq, xəta-bəladan kənar məhəbbət insanların öz xaliqinə xas olan ilahi eşqdən doğur. Qəlbi kor olanlar anlamaz onu. Yer üzündəki naqislikləri, pislikləri aradan götürən, qanadolmuşları məhv edən ilahi eşqdir. İnsanları əbədiyyət yolçusuna çevirir. İşıqlı məqamlarını yaşayan ruh Tanrı dərgahına qapı açır!
Elturan – Bəs nə üçün insanlar azğınlaşır, bir-birinin qəsdinə durur, bir-birini al qanına boyayır? Xalqlar, millətlər bir-birinə qənim kəsilir, Ağoğlan Baba?
Ağoğlan Baba – Savaşda millətin, xalqın günahı yoxdur. Arada dostluğu ədavətə, nizam-intizamı hərc-mərcliyə çevirən aravuranlar, araqarışdıranlar var. Müharibə törədənlər tamahına quyruq bulayanlardı, şeytan şərinə uyanlardı, mənim balam. Unutmayın ki, xeyir Allahdan, şər iblisdən törəyir. Müharibə tərəfdarları, müharibə qızışdıranlar ana döşündən süd yerinə qan əmənlərin işidir. Onlar müharibənin cəhalət olduğunu anlamazlar, dərk etməzlər. Əqli gözdən kor, qulaqdan kardılar!
Gövhər – Bəs nə üçün insanlar üzünə güzgü tutan haqdan qaçır, Ağoğlan Baba?
Ağoğlan Baba – Hələ insanlar ədalətin quluna çevrilməmişlər. Onlar ancaq mübarizə yolunda birləşəcəklər, mənim balam.
Elturan – Axı, bu mübarizədə ölüm-itimlər var, Ağoğlan Baba. İnsan bəs canını qorumalı deyilmi?! Haqlı haqsızı nə üçün ittiham etməsin?
Ağoğlan Baba – Həyat xeyirlə şərin mübarizəsidir. Ölüm də haqdır. Canını qoruyanlar şəhid düşməz, öləndə can itirər. Şəhid düşənlər isə ölməz, Vətən adlı canını tapar. Mən sizlərə bir görüntüyəm, mənim balalarım. Ulu torpağın bir ulu şəhidiyəm mən də! Əlvida!
Ağoğlan Baba qeybanə tərzdə yox olur. Gövhər Elturanın köksünə sığınır.
Gövhər – Sənin istəyin qarşısında qəlbimin səsi etiraz səsini ucalda bilmir, Elturan. Tüklərim ürpənir. Ürəyimin döyüntülərini apaydın eşidirəm. Uçunur bədənim. Ağlım başımdan çıxır. Deyəsən, özümü ələ ala bilmirəm. Sən, ey, Ulu Yaradan, arzu-istəyimi gözümdə qoyma!
Gövhərin gözlərində yaş gilələnir. Elturan Gövhərin başını sinəsinə sıxır.
Göz yaşlarını barmaqları ilə silir.
Elturan – Sənin göz yaşların yanağında tər ləçəklər üstə muncuqlanan səhər şehinə bənzəyir, Gövhər. Dupduru, şəffaf və bakirədir.
Gövhər – Yox, deyəsən, o damlalar mənə dərd və müsibət gətirmək üçün gilələniblər, Elturan.
Elturan – Çöhrəndəki hər gilədə bir su aydınlığı var, Gövhər. Kipriklərinin son ucları elə bil Günəş şüalarının ucuna calanıblar. O haləyə sığan damlalar gün tutmalarını lilpar kimi yanağında şölələndirir.
Gövhər – Sən mənə heç nə söyləmə, Elturan. Sevginin dili laldı. Çox danışan az sevər, az danışan ürəkdən sevər. Ayrılıqdan danışma, sözdən qaçma anıdır.
Elturan – Ən çılğın hisslər əlbəttə, gözə görsənmir. O insanın bətnində qalır. Görünən sevgi deyil, sevgi gözləniləndi, Gövhər. Məni unutma!
Gövhər – Mənə unutmamağın yolunumu, çəminimi öyrədirsən, Elturan? Mənim məhəbbətim sənin cismani varlığında qərar tutmuş ruhum üçündür. Qorxum məhbusluqdur.
Elturan – Məhəbbətdə qorxu yoxdur, Gövhər. Əksinə, məhəbbət qorxunu qovur. Mən anama söz vermişəm ki, Qarabağ müharibəsi qurtarmayınca eşqimi içimdə boğmalayacağam. Qəlbimə hakim Vətən sevgisi olacaq. Qələbə gününədək toy-düyün barədə araya bir kəlmə söz-söhbət atmasınlar, demişəm.
Gövhər – Hissə qapılma, Elturan. Hisslərini cilovla. Özünü ölümün ağzına atma!
Elturan – Mən Vətən üçün lazımam, Gövhər!
Gövhər – Məhəbbət nicatımızdır, Elturan. Qarabağ müharibəsinin murdarlıqları, çirkabları əli qana bulanmış, Qana susamış insanların əməllərindən doğur. Onlar cansız daşa, ruhsuz leşə bənzər. Bu rəzillərdən, rəzalətlərdən umacağın nədir sənin?! Onlardan uzaqlaşmaq, qaçmaq gərəkdir. (Elturanın əlindən yapışır) Ardımca gəl!
Elturan – Səninlə dünyanın o başına demirsən, hara deyirsən, zülmətə belə gedərəm. Təki bir yerdə olaq, nəfəsin-nəfəsimə dəysin. Amma məni Qarabağdan çəkmək, ayırmaq istəyindən uzaq ol, Gövhər. Əti dırnaqdan, dırnağı ətdən qoparmaq olar, məni Qarabağdan ayırmaq olmaz!
Gövhər – İnadından əl çək, Elturan! Sən qəlbimin həssaslığı, ruhumun lütfüsən! Gəl, gəl, Xoşməkana üz tutaq, baş alıb gedək. Müharibə cəhənnəmdi, viranəlikdi. Məhəbbətdir gözəllik! Məhəbbətdir həyat!
Elturan – Eh, Gövhər, Gövhər! Hər nə yolla olursa-olsun demə, gedək sözündə təkid etmə. Məni səslədiyin Xoşməkan arzudan doğan ilğıma bənzər. Xoşməkan Cənnət Qarabağın özüdür elə. Ağoğlan dağında yuva qurmamız, məskən salmamız elə haqq dünyamız olan ana torpağa qovuşmamızdır!
Gövhər – O torpaq əyninə qanlı köynək geyib, Elturan!
Elturan – Cənnət Qarabağımızı oddan-alovdan, müharibənin gətirdiyi fəlakətdən xilas etməliyik, Gövhər. O qanlı köynəyi əynindən soyunmalıdır. Qarabağın şah əsəri olan Şuşa yenə də öz axar-baxarına qayıtmalıdır. Xarı bülbüllər yenə boy atmalıdı. Sona bülbüllər yenə də Cıdır düzündə cəh-cəh vurmalıdır!
Gövhər – Gəl çılğınlıq etmə. Heysiyyatla deyil, ağılla düşünək. Ağılı ki, əlimizdən alan, başımızdan çıxaran yoxdur, Elturan!
Raket, mərmi uğultuları gəlir, topların nəriltisi eşidilir..
Elturan – Ürəyim, hissim səninlədir, ağlımsa çəkir məni. Vaxt yetişib, mən getməliyəm, Gövhər! Qarabağ qan girdabındadır.
Gövhər – Qarabağ müharibəsi şeytan şəridi, Elturan! Getmə, o şərə uyma!
Elturan – Yox, Gövhər, mən getməyə bilmərəm! Qorxaqlarda cəsarət olmaz, cəsarətsizlərdə qeyrət! Mən döyüş sırasındayam!
Gövhər – Yox, Elturan, getdiyin o yerdə insanlar bir-birini qırıb-çatır. Əldən-ələ keçənləri qaniçənlər olmazın işgəncəyə, əzab-əziyyətə düçar edirlər. İnsanlıq sifətindən çıxmışlar arasında sənə yer yoxdur! Dön geri! Eşitmirsənmi ölüm saçan ulartıları?!
Elturan – Məni o raket, o mərmi səsləri, top mərmiləri deyil, Vətənə, torpağa olan ana məhəbbətim çağırır, Gövhər!
Üzü işıqda saxlanılan Elturanın əlləri Gövhərin əllərindən üzülür.
Onlar bir-birindən uzaqlaşırlar. Gövhər yerində çırpınır. Qovrulur.
Gövhər – Ruhumun sevgisi, getmə! Məni tənha qoyub hara gedirsən? Sənə olan hisslərimin müqəddəsliyinə and içirəm ki, məni də öz içində aparırsan. Məqsədi qan tökmək olan insan qəssablarından qaçmaq, Xoşməkana pənah aparmaq nicatımızdır bizim, Elturan! Eşidirmisən, məni?!
Elturanın ardınca qaçır.
Elturan – Bizim xoşbəxtliyimiz naminə mən döyüşə getməliyəm! Vətənimin qurtuluşu Qarabağın azadlığından keçir!
Gövhər – Ruhumu varlığımdan qoparıb getmə! Özünü odun-alovun içinə atma, Elturan! Barı, ata-anana, İncəyə yazığın gəlsin. Onları düşün! Qarabağ savaşı ağlın məhsulu deyil, məqsədli, şeytani bir oyundur!
Elturan – Əlvida, Gövhər! Məni çağıran vicdanımın səsidir. O səs Vətənin səsidir. O səs sinəsindən qan sızan Qarabağ torpağının ah-amanıdır. O səs qəlpələr gövdəsini dəlik-deşik etmiş, qamətini əymiş xan çinarların, sinəsi çapılmış yalçın qayaların, ozan dağların həniridir! O səs xarabazara dönmüş, viranə qalmış yurd-yuva yerlərindəki sönmüş ocaqların naləsidir. Məni bu yoldan geri dönməyə qoymayan şəhid ruhlarının harayıdı, fəryadıdı, Gövhər!
Gövhər – Getmə, Elturan! Yalvarıram sənə, getmə! Bayquşlar ulaşan o yerdə ölüm-itim var, qan-qada var. Getmə! Getdiyin o yol səni ölümə aparır!
Elturan – Dönə bilmərəm! Geriyə yol yoxdur, Gövhər!
Gövhər – Qayıt, Elturan!
Elturan – Əlvida, Gövhər!
Elturan gözdən itir. Gövhər ardınca qışqırır.
Gövhər – Qayıt!!! Qayıt!!! Qayıt!!!
Gövhərin qışqırtısına İnci və Tanqut yuxudan ayılır. Hövləng qonaq otağına
Gəlirlər. Gövhəri hələ də qışqıran və yatağında çırpınan görürlər.
İnci işığı yandırır. İşıqda Gövhər yaş dolu gözlərini ovur.
İnci – Bismillah! Bismillah! Bismillah! Nolub, sənə, bala, nə yuxudu, görmüsən. Qan-tərə batmısan. «Qayıt!» qışqırığından adam vahimələnirdi.
Tanqut – Qorxub eləmiş olar, İnci, get su gətir, bir qurtum su içir qıza.
Gövhər – Narahat olmayın, heç bir qorxunc yuxu-filan görməmişəm. Qorxub eləməmişəm. Mən, mən… (Gövhər yatağından qalxır, Elturanın şəkli qarşısında dayanır). Mən yuxuda ilk dəfə canlı gördüm Elturanı. Ağoğlan Babanın şahidliyi ilə Tanrıdan butə alıb-butə verdik biz. (Üzünü göyə tutur) Yuxu sevgimizin müjdəçisinə çevrilsəydi nolardı, ya Rəbb! Yuxumu xeyirə cala, sən, ey Ulu və Uca Yaradan!
İnci əlində su gəlir. Gövhərə su içirir.
İnci – Oğul itkisi ana qəlbinin ən dərin, sağalmaz yarasıdı, bala. Nəql et görüm, vaqiədə gördüyün nə idi? Yuxunun sonluğu necə qurtardı? Madar balam hara gedirdi ki, qışqırırdın ardınca elə? Səsindən, harayından bir el-oba köçərdi.
Gövhər – (Bir qurtum su alır) Biz onunla əl-ələ verdik. Xeyir-duanı Ağoğlan Babadan aldıq. Mən Elturanın əllərindən yapışdım. Gəl, gəl, dedim. Qarabağ müharibəsinin od-alovundan uzaqlaşaq, dedim, Xoşməkan deyilən əmin-amanlıq diyarına köç edək dedim. Elturan əvvəl tərəddüd etdi. Bəlkə də mənimlə getməyə hazır idi. Top-tüfəng səsini eşidincə bir anda fikrindən döndü.
İnci – O, sənə nə dedi, Gövhər? Anası ölmüş son dəfə dilindən nələr çıxardı? Tərlan balamı xəta-bəladan hifz et, Pərvərdigara!
Gövhər – Mən Vətənə lazımam, mənim varlığım torpağa bağlıdı, dedi. Mənə əlvida deyib özünü odun-alovun içinə atdı. Əli-əlimdən üzüləndə mən çırpındım. Ardınca qaçdım. Qayıt! Qayıt! Qayıt, - deyə qışqırdım. Osa tüstü–duman içində gözdən itdi.
İnci – Eh, bala, ehvay-aman eləmə, anası ölmüşün dərdinin böyüklüyünü dərk etməz qansız fələklər. Mən də yuxularımda həmişə onu sonucda bizlərdən ayrılan görürəm. Oğul, deyə ah-nalə edirəm. Yuxular mənə də dinclik vermir. (Elturanın şəklinə əl uzadır, oxşayır) Sən Vətənə içdiyin sədaqət andının qurbanısan, oğul. Vətən sevgisi, Vətən naminə verdiyin vədlər səni bizdən ayırdı. Gəl bizdən gen qaçma, mənim balam! (Doluxsunur)
Tanqut – Ay, İnci, sənin sarsıntıların sabaha olub-qalan ümidimizi də məhv edir. Dan üzünün halallığına şər qatan naməhrəm sözlər danışma. Günün çərtməyinə hələ xeyli var. İşıqları söndürün, yatın. Özünüzü sübhün şirin yuxusuna tamarzı qoymayın. Gündüzü əlinizdən alan yoxdur ki. Səhərdən axşamadək danışarsınız, dərdləşərsiniz.
İnci – Sən get yat, Tanqut. Qoy Gövhər balamız da rahatlansın. Əl-üzümə su vurub mən də gəlirəm. (Bu zaman telefon zəng çalır.) Sübh tezdən xeyir ola. Bu zəng nə zəngdir belə. Ya Rəbb, sən xeyirə cala! (Dəstəyi Tanqut qaldırır.)
Tanqut – Bəli, bəli, eşidirəm. Salam-salam!… (Bir anda süst qalır.) Siz Allah, məndən heç nəyi gizlətməyin. Düzünü-doğrusunu söyləyin!… Ola bilməz! Bu saat, bu dəqiqə… Gövhəri deyirsən?! Özü də oyaqdı, eşidir. Birgə yola düşərik… Təki nəfəsi olsun!..
Əlləri əsə-əsə dəstəyi yerinə qoyur. İnci təlaş içindədir. Həyəcan və qorxudan az qalır ki, yerindəcə yıxıla. Bütün vücudu əsir.
İnci – Dinsənə, Tanqut! Ürəyimi partlatma! Kimdi zəng edən, nə deyir? Nəfəsi olsun nə deməkdir, nə çağrışdı belə? Hara gedirsən? Gövhəri hara aparırsan? Tanqut, söylə, başında nə qəzavü-qədər var, ciyərparamın?
Tanqut – Özünü ələ al, İnci. Zəng edən bölük komandiridi. (Ağlamsınır) Elturan ağır yaralıdı deyir. Gövhərin qohumları onu İrəvandan alıb gətirirlər. Xankəndindən xəbər veriblər. Təhlükəsizlik orqanlarından yaralı vəziyyətdə təhvil götürüblər. Deyirlər qaçmağa cəhd edərkən güllə yarası alıb. Məni Gövhərlə birgə təcili təmas xəttinə çağırırlar.
İnci – (Qıy çəkir) Yalandı, Tanqut, yalandı! Oğlumun meyitini gətirirlər demək. Aman, Allah! Yoxsa günaha batıram! Bu nə zülümdür mənə göstərirsən, zalım fələk! (Ağlayır) Səni dünyaya gətirməklə nə böyük bəlalara düçar etdim, oğul! Saçmı yolum, üzmü cırım, bir faydası varmı?!
Tanqut – (Hıçqırır.) Ağzını xeyirə aç, İnci. Mən təkid etdim. Szündə israr etdi kapitan. Ancaq ağır yaralıdı, dedi. Həlak olubsa, düzünü deyərdi mənə. Demədi…
İnci – Bəs nə deməliydi sənə, ay Tanqut. Yoxsa sübh tezdən bayquş kimi ulamalıydımı?! Adətdir, ölübsə, ağır yaralıdı, deyirlər. Özün-özünü niyə aldadırsan? Kimdən sorsan, vallah, gülərlər sənə. O şəkli göydən al ver mənə. (Əli ilə şəkli oxşayır, bayatılayır)
Laylay, balam, laylay,
Anan ölsün, balam laylay!
Tanqut – Dözümün, dəyanətin olsun, İnci. Dəqiq bir şey bilməmiş darını çölə tökmə. Camaatı dan üzü vaynəsəyə salma, narahat etmə. Mən ora çatan kimi zəng edəcəm sənə! Təki, nəfəsi olsun…
İnci – Ölən adam dirilməz, çıxan can geri dönməz. Uşaq kimi danışma, Tanqut. Məni uşaq yerinə qoyub başımı tovlama?!
Səs-küyə İncə də yatağından qalxır, pörtmüş gəlir.
İncə – Ana! Ana! sən nə danışırsan? Dilin necə varır, ürək qıran, bağır yaran bir sözü beləcə asanca dilinə gətirirsən. Qardaşımın vayına necə qıyırsan, ana!
İnci – Yox, qızım, Elturanın itkin düşməyinə inanmırdım. Vətən üçün doğulmuşdu. Şəhid düşəcəyinə Günəştək, güntək inanırdım. Alnına güllə sıx, haqqı danmazdı. Məsləkindən dönməzdi. Satılmağın, xəyanətin nə olduğunu bilməzdi.
İncə bir kənarda durub hıçqıran Gövhərə tərəf çevrilir.
İncə – Nolub, Gövhər? Yuxuda nə görmüsən ki, qışqırtın anamın amanını qırıbdı, göz yaşları axıtmasına səbəb olub? Yoxsa başqa bir xəbər var?!
Gövhər – Aman Allah, nə deyim sənə İncə-can, yuxuda Elturanı gördüm. Ağoğlan məbədində ruhlarımız görüşdü və ayrıldı. Qışqırtıma özüm ayıldım.
Tanqut – (İncəyə) Qızım, özünü toxtat tut. Kapitan telefon açdı. Elturanın yaralı olmağını dedi. Nə etmək, nə demək olar. Bu həyatdır. Elturan yaralanıbsa köçü yoldadır. Şəhit düşübsə ruhu göylərdədir. Səbriniz olsun!
İncə – Bacın ölsün, qardaş! (Anasının boynuna sarılır) Vay qardaş deyib hayqıraram, ana! Çeşmələr quruyar, göz yaşlarım qurumaz, ana!
İnci – Gövhərin qışqırtısından dalağım sancmışdı, eləcə. Bu da aqibəti. Kəmfürsət fələk, tifaqın dağılsın, fələk, nəhayət, röyalar, vaqiələr öz sözünü dedi. Ehvay! Ehvay! Balam vay!..
İncə – Ana! Ana! mən Elturanın ölümünə heç vaxt inanmaram, inanmayacağam da. Heykəl olub, daş olub yollar üstə bitəcəm. Nə vaxtsa onu qapı kandarından öz yerişində, öz qamətində içəri girən görəcəm. Elturana ölüm yaraşmır, ana! Elturan ölə bilməz!!!
İnci – Qızım, istəyin müstəcəm olsun, təki. Boyu bəstə balama ölümmü qıyaram? Nə qədər beşiyi başında layla demişəm balama, indi də qəbir evindəmi layla çalacam ona?! Yox, yox, qəm-qüssə dənizində şahə qalxmış dalğalarla didişəcəm. Qoy qan içən fələk qanımı içsin, uf demərəm, əsla. Özüm öz canımla öcəşərəm. Bala dərdi çalın-çarpaz dağdı. (Əllərini düyünləyir) Bəstə boylu Elturanım, laylay! Ölümünə kim qıydı, balam laylay!
İncə – Qardaş deməkdən dilim qabar bağlar, ana! Fikrindən min ilin yatağına düşərəm, səndən ayrılmaram, Elturan! Nə qədər canımda can var, nəfəs var, o canı canımda yaşadan mən olaram. Mən olacam, ana! Sən ağlama, ana! Ürəyimi dağlama, ana!
İnci – Ruhlar aləmində görüşənədək saç yolaram, bala. Oğlum Elturan deyib aman dilərəm zalım əcəldən! Ay, Tanqut, maddım-maddım nə üzümə tamaşa edirsən, yol üstə deyilmisən, söz vermədinmi bu dəqiqə Gövhərlə yola düşürsən?! Sən işində ol, mən oturub-durub fələyə qarğış deyərəm! Balamı ondan soraram!
Tanqut – Sənin haray-həşirin ağlımı başımdan çıxarıb tamam, İnci. Bu vaynəsənlə sən dirini də öldürərsən. Bir hövsələn olsun. Özünü ələ al görək başımıza haranın külünü tökürük. Hələ bilmirik iş nə yerdədi, səninsə gözünün yaşı dəniz kimi şorlanır.
İnci – Göz yaşlarımı qurudacaq güman yerim, dərddən qurtulacaq halım-halətim yoxdur, Tanqut! Sən qəlbinin, ağlının böyüklüyü ilə hakimsən mənə. Bağışla məni, Tanqut. Hisslərimə nəzarət edə bilmirəm. Neynəyim, hirsimi, hikkəmi, hövsələmi boğmağı bacarammıram! Toyunu görməmiş, vayını görürəm balamın!
Tanqut – Dərdinlə dərdimin üstünə dərd yükləmə, İnci! Oğul itkisi ata belini qırar. Mənim daxilimdə gedən təlatümlərə bir o qədər fikir vermirsən, məhəl qoymursan, diqqət yetirmirsən, İnci! Ata oğul çiynində gedər qəbir evinə. Oğul tabutuna çiyin vermək ata üçün faciədir, fəlakətdir! Səbrin olsun! Amanımı qırma, İnci!
İnci – Yox, yox, Tanqut, yalan və şərin tüğyan etdiyi bir zamanda sənin kimi qənimət insanlar azdı, təkdi bu dünyada. Sorğum nədir fələkdən? Görəsən oğul itkisinə biz birgə tab gətirə biləcəyikmi?! Bir-birimizə təsəlli ola biləcəyikmi?! Sənin dəyanətinə mənim sözüm yoxdur, görəsən, bu yolda sənə tay ola biləcəyəmmi?!
İncə – Ana, mənim mehriban anam! Öz ehvayınla bizi niyə qəhr edirsən?! Axı arada bir şey yox ikən sən niyə Elturana ağı deyirsən?!
İnci – Ah, mənim mərcan balam! Nə sənin, nə də Elturanın hal-əhvalında, ovqatında məndəki ürəyi yuxalıqdan zərrəcə bir nişanə yoxdur. Hər ikiniz eynən Tanquta çəkmisiniz, ocağı yerində dikəlmisiniz. Nə deyirəm, təki mən qənaətimdə yanılmış oldum. Allah özü köməyimizdə dursun! Elturan bala, can bala, hardasan? Harayıma hay ver, ərənim, heyyy!!! (qıyya çəkir)
İncə – Amansız tale, zülmkar fələk, daş ürəkli insanlar bizdən nə istəyir, Allahım?! (Ağlayır)
Vaveylə səsinə, səs-küyə qonşular yığılır. Özünü içəri salan Gülsabah haray-həşir salır və ağlaya-ağlaya İncinin boynunu qucaqlayır.
Gülsabah – Dərd nədir, dərd çəkən bilər, bacı. Qanlı göz yaşlarını tök ağla, inlə, bacım! Qəmin, kədərin əlləri başına sığal çəkməmiş saçlarını yol ağla, bacım! Ağzın yumulsun, azğın fələk!
İnci – Taleyin yazısı amansız oldu, ümid ulduzum söndü, Gülsabah bacı! İçim qəm dəryasıdı, bitib-tükənməz, gözlərimdən daim qanlı yaşlar axa, dəhnəsi qurumaz! Haqqını niyə dandın, ey, Ulu Tanrım! Gözümün ovunu niyə fələyin güdazına verdin, Uca Göylər!
Gülsabah – Sinənə çəkilmiş dağ ağrısının hovunu alınca ağla, bacı. Demədimmi erməniyə etibar yoxdu, sözümü qəribliyə salmayın. Erməni olan nakəslər haqdan uzaqdırlar, məlundular. O, çəngi hardadı, verin əlimə, özüm onu bu əllərimlə boğacam, ətini dişimlə didəcəm. Gözlərini oyub ovcuna tökəcəm!
Tanqut – Günahkarı buraxıb günahsızın yaxasından yapışmaq imandan, insafdan deyil, Gülsabah bacı. Ədalətinə güc etmə!
Gülsabah– Sən deyən zəmanə keçmişdə qalıb, Tanqut qardaş. İndiki zamanda nə ədalət, nə mürvət, nə insaf! Çəngini gizlətməyin, çəkin ortaya! Gəlsin mənşər ayağına!
Gövhər gözlənilmədən özünü irəli atır. Gülsabahla üz-üzə dayanıb yaxasını açır,sinəsini qa-bağa verir.
Gövhər – Mən budrana burdayam, ey, biçarə qadın, al məndən qisasını, intiqamını! Ürəyini soyut! Bacarırsan, al canımı, yox et məni! Axıt qanımı! Mənim qanım halaldır sənə! Elturanım yoxsa, bu dünyada yaşamaq haqq deyil mənə!
Gülsabah – Qabağıma çıxan erməni olanı didib-parçalamaq mənim haqqımdır, qancıq! Al gəldi!
Gülsabah Gövhərin üstünə atılır. Onu saçlamaq istəyir. Tanqut
araya girir.
Tanqut – Özünü də, bizi də günaha batırma, Gülsabah bacı. Allaha ağır gedər! Binəvadan əl çək!
Qonum-qonşular köməkləşib Gülsabahın əl-qolundan yapışırlar. Onu
sakitləşdirməyə çalışırlar. Özündən gedir. Gövhəri kənara çəkirlər.
İnci – Sənin sədaqətin də böyükdür, məhəbbətin də, Tanqut! Gülsabah bacıya bənd olma çox. Tez olun, vaxt keçir, yola çıxın. Gecikirsiniz. Qanlı balamı çatdırın mənə, ürəyim partlayır, axı! Oğul deyib haraylaram səni, Elturanım! Harayımı eşidirmisən, tərlanım mənim?!
İnci vaveylə edir. Siqnal səsləri eşidilir.
Tanqut – İncə, qızım, evdə yır-yığış edin. Gövhər nəyin var, çantana at. Gəl düş qabağıma, gedək. Cəld ol, ləngiyirik. Bizi gözləyirlər.
Tanqut, Gövhər çıxır. Araya bir hüznlük çökür.
Pərdə
4-cü şəkil Ağoğlan dağının Ağbuta gədiyi. Sakitlikdi. Sapyorlar – minaaxtaranlar təmas xəttində gəzinirlər. Səhnədə qaytançı və nişançı görsənir.
Nişançı – (qaytançıya) Şahin, qardaşım, Elturan öldürülübsə, övliyalar məskəni adlandırdığın Ağoğlan dağı bu qanı necə götürür? Niyə lərzəyə gəlmir, çatlamır, uçulub-dağılmır! Övliya sandığın Ağoğlan Baba niyə haqdan qaçır?!
Qaytançı – (nişançıya) Elvin qağa, bu Qarabağ savaşından nəinki Ağoğlan Baba, vallah, deyəsən Allah-təalanın özü də bixəbərdi. Yoxsa bu qədər haqsızlığa dözməzdilər. Günahsız insanların qanı yerdə qalmazdı. Nəinki Ağoğlan dağı uçulub-dağılardı, yer-göy ermənilərin başına daş-kəsək yağdırardı, od-alov ələrdi. Evsiz-eşiksiz insanların ah-naləsindən göy qübbəsi çökərdi.
Nişançı – Bütün səma Tanrının görən gözü deyilmi?! Bəs nə üçün biz Allahın nəzər-diqqətindən kənarda qalmışıq?! Tanrı səsimizi niyə eşitməz olubdu?!
Qaytançı – Elvin qağa, məncə bizə hər nə oldu, öz günahlarımızın ucbatından oldu. Ellikcə iblisin felinə uyduq. Çiyin-çiyinə durammadıq. Bir yumruq kimi birləşə bilmədik. İçimizdən qurdlar diddi, yedi bizi. Özümüz-özümüzə qənim kəsildik. Bölündük, parçalandıq, xırdalandıq. Qəddimizi əydilər.
Nişançı – Bir sözlə, Aşqabad batan kimi batdıq da. Bir də qəddimizi, qamətimizi dikəldə bilməyəcəyikmi?! Şahin qardaşım, dediklərin haqmıdır, yoxsa qatıqlayırsan?!
Qaytançı – Mən həqiqəti söyləyirəm. Qatıq yeməsəm də, qatıqlı cam görmüşəm. Biz iblis felinə uymuşuq və şərə düşmüşük. Bu şərdən, böhtandan qurtula bilmirik. Əziyyət çəkirik.
Nişançı – Əzablara düçar olmağımız bəs deyilmi, bunca? Yoxsa qurtuluş yolu tapmaq çətindir bizə?
Qaytançı – Gec-tez Allah-təalanın özü göstərəcəkdir o yolu bizə. Böyük Yaradan deməyib ki, ağzıma armud saplağı da üzü yuxarı. Deyib ki, səndən hərəkət, məndən bərəkət. Biz ermənilərin hiyləsinə, məkrinə dov gəlməyincə, Qarabağ xəmiri çox su aparacaq. Qoy bizi şərdən, bəladan Tanrı özü qorusun!
Çavuş görsənir.
Çavuş – Düşmənin gücü elə onun hiyləsində, məkrindədir. Erməniyə aldanmasaq, hər şey siz deyəndi. Bu müharibədə xalqımızı sınıq saldılar, döyüş əzmini qırdılar.
Qaytançı – Çətini xalqın özündə güc tapıb qəddini dikəltməsidi. İnşallah, o gün gələr, axır sözümüzü biz də deyərik onda. Sən haqla ol, haqq səninlədir! – deyib atalar.
Çavuşun ardınca kapitan, Seymur, Tanqut və Gövhər gəlir.
Kapitan – (cib saatına baxır) Biz vaxtında gəlmişik. Ermənilər nədənsə gecikirlər. İndi onlar gərək təmas xəttinin o tayında nişan verdikləri Ağbuta gədiyindəki talada dayanmış olaydılar.
Çavuş – Yoldaş kapitan, dəyişmə zolağına birinci onlar yaxınlaşmalıdılar, yoxsa biz?
Kapitan – Belə şərtləşmişik ki, birinci ermənilər yaxınlaşsınlar. Onlar ilkin olaraq dəyişmə zolağına girməlidilər. Tabutu orta xəttə qoyub geri çəkilməlidilər. Biz isə Gövhəri həmin xətdən o üzə buraxdıqdan sonra tabutu götürməliyik.
Seymur – Ermənilər fitnə-fəsad aşiqidilər, şeytan köləsidilər. Düşünürlər ki, Gövhəri biz onlara sağ-salamat təhvil verməyəcəyik. Xəyanəti davranış normasına çevirən kəslər heç vaxt ölünü diriyə dəyişməzlər. Gecikmələrinə də səbəb şübhəsiz budur. Müşahidə aparırlar. Yenə də kol dibinə yatıblar.
Qaytançı – Hər ölçü-biçini öz arşınlarıyla aparır əclaflar. Tay demirlər ki, düşmənə aman vermək onsuz da bizim qanımızdadır. Onlarsa tək bağırsaqdılar. Üzdə gülür, dalda hürür, ələ fürsət düşdü, min cür fitnə-fəsad törədirlər.
Kapitan – Ermənilər öz xəyanətkar sifətləriylə özlərini dünyanın ən ağıllı, yaradıcı, qədim sakinləri, əvəz olunmaz milləti hesab edirlər. Qədim Oğuz torpaqlarında yurd salmalarına baxmayaraq, hələ də öz xəyanətkar əməllərindən əl çəkmirlər. Türk olandan özlərinə əbədi və əzəli düşmən obrazı yaradırlar.
Qaytançı – Gəmidə oturub gəmiçiylə dava edirlər. Dişləri qana batıb.
Nişançı – Niyyətləri ayaq tutub yeriməz, inşallah. Gec-tez burunlarını əzməliyik.
Tanqut – Günahsız insanların ölümünə bais olmaq ancaq faşist xislətli daşnaqlara xasdı. Oğlum bu xəyanətin qurbanıdır ancaq. Burada nə Gövhərlik bir iş var, nə də atası Babacanda bir günah görürəm.
Kapitan – Babacan özünü günah sahibi sayır. İzinə düşməsəydik, bəlkə də daşnaqlar El-turanın ölümünü bu tələskənliklə, bu tezliklə həyata keçirməzdilər, deyir.
Tanqut – Oğlumun məhv edilməsi labüd idisə, izsiz-soraqsız itkisi bundan daha betər dərd olardı. Bizə bundan da böyük əzab verərdi. Ölümün bəlkəsi yoxdur.
Gövhər – Yox, Tanqut dayı, günah sahibi mən özüməm, ən böyük təqsirkar mənəm. Göylər bizim ruhumuzu birləşməyə çağırırdı. İndi mən özüm də bir ölümlə sanki üzbəüz qalmışam. Ürəyimə daman bir ölüm nidası var, hayqırır, içimdə!
Qaytançı – (nişançıya) Üzünü içinə maska tutanlar qulyabanı olar. Görəsən bu qızda erməni xəyanətindən bir nişanə yoxdur ki, Elvin qağa?
Nişançı – Şübhəyə düşmə, Şahin qardaşım. İti müşahidəm məni aldatmır. Gövhərin yanaqlarına axan dupduru göz yaşlarının şəffaflığında bir qara sevdanın cizgilərini sezirəm. Səmimiyyətinə inanıram.
Gövhər – Keçirdiyim hisslərimin təmizliyini, müqəddəsliyini insanlara çatdıra bilsəydim, çəkdiyim və çəkəcəyim iztirabları yaşamağına, yaşatmağına dəyərdi, Allah! Qulaqlarım nahaq pıçıltılara yuva qurmazdı.
Seymur – Eşitdiyin hər sözdən xoflanma, Gövhər.
Kapitan – Tanrı haqdır. Diliniz deyəni ürək deyirsə, o, özü bizə hər şeyi çatdıracaqdı. Kimin kimliyini zaman özü göstərəcəkdir bizə.
Seymur – Türkün Tanrısı Allah-təalanın özüdür, Gövhər. Gün gələcək ki, şərin sizi fitildədib, bizi yatırıb aramızda dikəltdiyi düşmənçilik səddini Allah-təalanın özü yerlə-yeksan edəcəkdir. O zaman biz yenə də aydan arı, sudan duru dost qonşular kimi yaşayacağıq. Ya biz, ya siz istəsək də, istəməsək də buna məhkumuq.
Çavuş – Yoldaş gizir, o günü mən əfsanə sayıram. Ermənilər elə üz qoymayıblar, elə qanlar tökməyiblər, törətməyiblər ki, ortada barışığa yer qalmış olsun.
Kapitan – Kəm ağıllar, parabeyinlər dostluğu əfsanə sayar, çavuş. Biz ancaq daşnaklarla qonşu ola bilmərik. Bunu yüz dəfə, min dəfə ermənilərin öz ağzından eşitmişəm.
Tanqut – Bəli, bəli, bu dünyada fəxr ediləsi bir şey varsa, o da sınaqdan çıxmış dostluqdur ancaq. Onu yaşadanlar yaşayır.
Nişançı – (həyəcanlı) Ermənilər görsənir. Ağbutanın qənşərinə baxın.
Kapitan – (Durbinlə baxır) Odur cənazəni qırmızı mafədə gətirirlər. Elturanın üzü açıqdı, sifətini apaydın görürəm. Aman, Allah, elə bil dərin yuxuya dalıbdı.
Tanqut – Mən oğlumun qisasını əli qana bulanmış qatillərdən alacam. Özüm silaha sarıla-cam. İnnən belə Elturansız nə yaşasam, o ömür artıqdandır mənə. (Yumruqlarını sıxır, gözlərindən od parıldayır)
Seymur – Of! Of! Ey, ruhu əbədiyyətə qovuşan əziz dost! Sən öz ölümünlə ölməzlik qazan-mağın yolunu göstərdin bizə!
Kapitan – (sapyorlara) Əsgərlər, iki sırada düzülün. Gövhəri arada aparın. Ermənilər cənazəni yerə qoyub geri çəkildikdən sonra buraxarsınız. Nankor qonşulardan hər cür nanəciblik gözləmək olar. Tabuta mina qoya bilərlər. Ehtiyatlı tərpənin. Yoxlamadan keçirməmiş tabuta yaxın durmayın.
Tanqut – Yoldaş kapitan, quru rəsmiyyətçiliyə nə lüzum var. Dörd buğu burma cavanın qala qurub bir qız xeylağını araya alması, ortalıqda aparmaları nəyə, kimə lazımdı?! Qoy Gövhər tək, lap qabaqda getsin. Gövhər, qızım, girovluqdan azadsan artıq.
Gövhər – Mənimlə üzbəüz dayanmış, qırmızı parçaya bələnmiş o qara kabus üstümə gəlir, Tanqut dayı! Ah, bu an, mən necə də özümə ölüm arzulayıram. Torpaq da öz soyuqluğu ilə məni çəkir təkinə. Yox, yox, Elturana nəsib olmayan həyatı mən də yaşamaq istəmirəm! İstəmirəm! İstəmirəm!
Gövhər qıy çəkir, dizləri üstdə çökür. Hönkürüb ağlayır.
Tanqut onu yerdən qalxızır.
Tanqut –Ağlama, qızım. Özünə gəl, özünü ələ al. Ayağa qalx, özün öz vəkilinsən. Heç kimin əhatəsində getməyəcəksən. Odur, uzaqdan Babacan əl edir bizə. Sən getməlisən.
Kapitan – Gövhərin tək getməsinə etiraz etmirəm. Tanqut dayı, bəlkə, ermənilər cənazəni gətirib orta xəttə qoysunlar, Gövhəri ondan sonra tək buraxaq. Protokol qaydası belə tələb edir.
Tanqut – Yox, bala, qoy Gövhər ürəyinin istəyincə hərəkət etsin. Onsuz da mənə olan olubdu. Daşnaqlar nə biliblərsə, onu da ediblər. Bundan artıq düşmən mənə nə etməliydi ki. Sən yolundan qalma, Gövhər, qızım. Bizə əlvida de.
Orta xəttə tərəf addım atan Gövhərin üçüncü addımda
ayağı yerdən üzülmür. Nalə çəkir, qəşş edir. Yenə də dizləri üstə yerə çökür.
Gövhər – Yox, Tanqut dayı, ayaqlarım yerdən qopmur, sözümə baxmır. İrəli atdığım hər ad-dımda kabus gəlir üstümə. Bir ölüm nidası çıxır qarşıma. Ruhum qeybə çəkilir. Nankorlar məni mənən öldürüblər. Cismani varlığımla torpağa gömülürəm. Amma bilmirəm nədən ölüm qoxusu çəkir ürəyim?!
Tanqut – Sən bizdən ayrılmalısan, sən getməlisən, Gövhər. Eşit məni. Sən nəyisə mənzur etmədən getməlisən. Get, ayağa qalx, get…
Gövhər – Təkid etməyin, Tanqut dayı. Elə bil siz məni ölümümə doğru sürükləyirsiniz. Ölümə üz tutmağımı israrla tələb edirsiniz!
Qaytançı – Bu qız ya talismandı, ya da sehrbaz.
Nişançı – Sən də hər şeyə bir qulp qoyma, yenə bir şübhə yeri axtarma. Qızın hərəkətlərində, danışıqlarında saxtalıqdan bir nişanə yoxdu. Olsa duyaram. Mənim duyğu-larımın həssaslığına sən bələdsən, axı.
Seymur – Mənim mehriban qardaşlarım, Gövhər girovluq müddətində Tanqut dayıgilin ailəsi tərəfindən ona göstərilən münasibətdən təsirlənib, aldığı təəssüratdan, gördüyü diqqətdən qay-ğılanıb. Öz həssaslığının qurbanına çevrilib. Qeyri-iradi bir təbə düşüb. Erməni xəyanətinin məngənəsində boğulur indi.
Rabitəçi gəlir.
Rabitəçi – Yoldaş kapitan, erməni tərəfi öz hərəkətini tala ağzında dayandırıb. Bizim tərəfdən irəliyə tərpəntinin olmamasından narahatdılar.
Kapitan – Tanqut dayı, məsləhətiniz nədir, yubanmağa, ləngiməyimizə səbəb nəyi göstərək?
Tanqut – Hər şey Gövhərin qəbul edəcəyi qərardan, atacağı son addımdan asılıdı. Qətiyyətli ol, qızım.
Gövhər – Elə buradaca öldürün məni, Tanqut dayı. Ayağımı yerdən üzməyə taqətim qal-mayıb. Özümdə deyiləm. Məni məcbur etməyin.
Tanqut – Ağlını başına yığ, bala. Sən hökmən getməlisən. Qarşı tərəfdə valideynlərin səni gözləyir. Arxada ana dediyin İncinin, bacıcan dediyin İncənin gözü yol çəkir. Bir düşün, indi onlar nə haldadılar. (Gövhər özünü cəmləyir, bir az) Sən getməlisən, Gövhər. Di tərpən, qızım.
Gövhər hələ də halsızdır. Səndələyə-səndələyə irəliyə addımlar atır. Dəyişmə zolağına tərəf gedir. Lakin qəşşi, naləsi sozalmaq bilmir.
Gövhər – Sən Allah, qoy arxadan məni vursunlar, Tanqut dayı! Mənim əzablar içində yaşamağıma qıyma. Mənim Elturanın qatilləriylə üz-üzə gəlməyimə razı olma. Mən hiss etmədən qoy məni arxadan gülləyə hədəf seçsinlər, Tanqut dayı! Yalvarıram sənə!
Tanqut – Ürəkli ol, qızım. Özündə təpər tap. Desəm də, deməsəm də sənə güllə atmazlar. Bizi də, özünü də yubatma! İndi mən oğlumun dəfni üçün darıxıram. Əbədiyyət yolçusu son mənzilə yola salınsın gərək!…
Gövhər onlardan uzaqlaşır. Erməni saqqallıları cənazəni orta xəttə qoyub geri çəkilirlər. Gövhər tabutun bərabərində dayanır. Qəfildən tabuta tərəf dönür. Son dəfə Elturanın solmuş çöhrəsinə göz yaşı axıtmaq əzmindədir.
Gövhər – İlk dəfə qarşında diz çökürəm, Elturan! Ruhundan izn istəyirəm. İcazə ver ilk və son dəfə dodağına dodaq toxundurum. Yanğımı yanğınla qoy bu sayaq söndürüm!
Saqqallıların xəbərdarlığına, tabuta yaxın getmək olmaz tələbinə məhəl qoymayan Gövhər diz çökür, mafəyə əl atır. Dodaq dodağa toxunduran an partlayış səsi eşidilir. Gövhər qan içində çabalayır. Babacan, Tanqut orta xəttə tərəf qaçır. Özünü hadisə yerinə ilk çatdıran Babacan olur. O, qızının başını sinəsinə sıxır, vaynəsə edir.
Babacan – Vay, qızım! Vay, bala! Bu nə faciədir mən görürəm! Məni bala üzünə həsrət qoyma, ya Rəbb! Ax, qansızlar, qansızlar! Bu nə faciədir törətdiniz!
Gövhər – Mən ölürəm, ata! Son nəfəsimdi gedib-gələn, artıq ölürəm! Nə qədər xəyanət ürəyimizdə yuva qurub, məskən salıb, bizə dinclik olmayacaq, ata! Əlvida, başı bulud çalmalı Ağoğlan Baba! Bir Allah şahiddir ki, Elturana olan sevgimi sənə əmanət etmişdim, Ağoğlan Baba! (Bu zaman Tanqut ona yaxınlaşır. Gövhər göz yaşları axıdan Tanquta tərəf dönür, pıçıltıyla) Onlar məni də öldürdülər, Tanqut dayı!
Tanqut – Ürəyinə damanlar haqq imiş, qızım! Gövhər bala, sənə kim qıydı?! İnsanlıqdan bixəbər daşnaklar, qoy Tanrı öz görküylə sizə cəza versin!
Gövhərin gözləri yumulur.
Babacan – (qışqırır) Of, qızım! Axı, sənə ölüm yaraşmırdı. Dünyadan nakam gedən qızım! Gənc idin, bakirə idin! Məni bala üzünə həsrət qoyanları balasız qalsınlar! Damın dikəlməsin, fələk!
Tanqut – Bu nə faciədir, nə fəlakətdir, nə dəhşətdir, Babacan, Allah bizə göstərir! Biz kimə nə etmişik, Babacan?!
Babacan – Of! Of! Tanqut kirvə, Allah baisin evini yıxsın! Məkr, hiylə bizə doğma qardaşdan əziz olubdu.
Tanqut – Babacan, bu məkr, bu hiylə deyil, xəyanətdir, xəyanət! Erməni xəyanəti! Bundan artıq bu vəhşətə başqa nə ad vermək olar, sən de?!
Babacan – Bu zülmü yer-göy götürməz, ey insanlar!
Tanqutun, Babacanın hayqırtısı kəsmək bilmir. Ağoğlan dağının başı üstünü almış qara buludlar qaynaşır. Bir-birinin ardınca şimşək çaxır, göy guruldayır.
Pərdə enir
Pərdə arxasından əsgərlərin şərqilər eşidilir:
Vətən qan ağlayır, qana-qan deyir!
Düşmən Qarabağda, Şuşa əldədir,
Qurtuluş yolumuz savaşdan keçir.
Zəfər bizimlədir, haqq bizimlədir!
Nəqarət:
Yaşa Azərbaycan! Bütöv ol, yaşa!
Var ol, Azərbaycan! Azad ol, yaşa!
S O N |