Əsas səhifə
Həyatı
Kitablar
Hekayələr
Şeirlər
Povestlər
Pyes
Romanlar
Araşdırmalar
Xarici dillərdə
Haqqında
Millətçi ideyalar
Şəkillər
Təltiflər
Video-görüntü
Yazı arxivi
Əlaqə
   

AŞİQLƏR AŞİQİ AŞIQ PƏRİ

Xan Arazın xan qızı kimi doğulan, təbi İlahi vergidən gələn, bədahətdən şeirlər deyən Aşıq Pəri Azərbaycan aşıq şeirinin ən görkəmli nümayəndələrindən biri, qadın aşıq sənətinin isə yaradıcısı və banisidir. Çox saylı tədqiqatçılar, ədəbiyyatşünaslar, ədəbiyyatçılar Cəbrayılın bu inci xanımının həyat və yaradıcılığı haqqında nə qədər ziddiyyətli məlumatlar versələr də, doğum-ölüm tarixi ilə bağlı müxtəlif rəqəmlərdən bəhs etsələr də, aşağıdakı fikirlərdə yekdildilər ki, Aşıq Pəri həm şeir pərisi, həm də gözəllik pərisi olmuşdur. Habelə şeir, sənət xiridarı olan kişi müasirləri ilə söz döyüşündən həmişə qalib ayrılmışdır. Aşıq şeirinin ilhamvericisi kimi ad çıxarmışdır. Onun hər bir şeiri ədəbi mühitdə dərhal əks-səda doğurmuş, bir neçə yeni şeir və deyişmənin yaranmasına səbəb olmuşdur. Söz cəngavərləri Aşıq Pəri poeziyasına, onun müstəsna istedadına və məftunedici gözəlliyinə həsəd aparmış və ona mədhiyyələr həsr etmişdilər. Görgəmli alman şərqşünası A.Berje 1867-ci ildə Leypsiqdə nəşr etdirdiyi “Məcmuəyi-əşari-şüərayi-Azərbaycan” adlı məcmuədə yazırdı: “1829-cu ilin axırlarında Araz çayı sahillərində uzanan Maralyan kəndində 18 yaşında bir qız zühur etdi. Eşidilməmiş bir gözəlliyə malik olan bu qızın adı Aşıq Pəri idi... Onun deyişmələli, hazırcavabcasına dediyi şeirləri diqqəti cəlb edirdi. Öz dövrünün az-çox istedadlı şairləri ilə şeirləşmədə həmişə müvəffəqiyyət qazanırdı və heç kəsin ona qalib gəlməsinə imkan verməzdi”. Böyük ədəbiyyatşünasımız Firudin bəy Köçərli isə 1903-cü ildə yazırdı: “Özünün ağıl və istedadı ilə çoxlarında heyrət doğuran gözəl və gənc şairə Aşıq Pəri o zamankı savadlı və təhsil görmüş ədəbi simaların diqqət mərkəzində dayanırdı...”
Aşıq Pəri yaradıcılığının tədqiqatçıları, daha doğrusu pərişünaslar bir mənalı şəkildə təsdiq edirlər ki, Aşıq Pəri Qarabağın, Dizaq mahalının, Şuşa qəzasının Vərənd sahəsinin, Cəbrayıl qəzasının və nəhayət, hər dövrün inzibati ərazi vahidinə uyğun olaraq Cəbrayıl rayonunun Maralyan kəndində anadan olmuşdur (Aşıq Pəri bütün bunlarsız da Maralyandan olduğunu şeirlərində göstərir:
Pərinin dərdi tüğyandır,
Sakin yeri Maralyandır,
Gülüm qönçəsində yandı,
Bülbüllər əfqan eylədi.)

Kiçik yaşlarında ruhani təhsil almış, daha doğrusu mollaxanada oxumuş, ərəb, fars dillərini mükəmməl öyrənmiş, türkcə yazı vərdişinə yiyələnmiş, bədahətdən şeirlər deməyə və yazmağa başlamışdır. Maralyan kənd məktəbində bir müddət müəllim işləmiş, həmin əraziyə yaxın bələdçiliyi olan, o ətrafda yerləşən Horovlu kəndinin yetirməsi, fəlsəfə elmləri namizədi Əli Behbudov “Kolxozçu” qəzetinin 07 və 09 dekabr 1982-ci il tarixli saylarında dərc etdirdiyi “Aşıq Pəri Maralyanlı” məqaləsində yazır ki, Aşıq Pərinin atası sövdagər-xırda alverlə məşğul olduğundan ona kənd arasında tacir Hacı Sayad deyərlərmişlər. Anası Gülüstan zəmanəsinin mütərəqqi qadını olmuş, qızının natiq danışmasına, oxuyub təhsil almasına maneçilik etməmişdir.
Pərişünaslar yekdilliklə qeyd edirlər ki, Aşıq Pəri şeirləşmələrdə iştirak etmiş, aşıqlıq sənətinin sirlərinə dərindən bələd olmuş, özunə məxsus şəkildə saz salmış, rəqs etmiş, məlahətli səslə oxumuş, toy-düyünlərə çağrılmış, o dövrün çalğıçıları ilə məclislər aparmış, aşiqanə davranışlara malik olmuşdur. Sözsüz ki, o dövrdə Aşıq Pərinin rübənd vurmadan, çadraya bürünmədən, qıvraq geyimdə meydana çıxması, toylarda, məslislərdə çalıb-oxuması bir inqilab, dövrünün görünməmiş bir hadisəsi idi. Cəbrayıllı mütəfəkkir, fəlsəfə elmləri namlzədi Əşrəf Mehdiyev “Kolxozçu” qəzetinin 29 sentyabr 1963-cü il tarixli sayında dərc etdirdiyi “Aşıq Pəri” məqaləsində yazır: “Şairənin evinə dövrün qabaqcıl ziyalıları, şair dostları gəlib-getmişdi. Bu isə böhtanlara, ləkə yaxmağa səbəb olmuşdur. Bunu Aşıq Pərinin öz qonşusuna qarşı yazdığı şeirdən görmək olar:
Məni dərdə salan qonşu,
Görüm üzün qara olsun.
Danışıbsan yalan, qonşu,
Görüm üzün qara olsun.”

Ümumiyyətlə, müəlliflər Aşıq Pərinin yersiz hücumlara məruz qaldığını qeyd edirlər. Hətta, günü bu gün də müasirlərimizdən Aşıq Pərinin bostanına daş atanlar tapılır. Bu xoşagəlməz məsələ ilə bağlı həmyerlimiz, filologiya elmləri üzrə fəlsəfə doktoru Tariyel Abbaslı “Mingəçevir leysanı” adlı ədəbi-bədii jurnalın 2010-cu ildə nəşr edilmiş 8-ci və 9-cu saylarında dərc etdirdiyi “Aşıq Pəriyə böhtan atmayın” məqaləsində ətraflı bəhs edir. Halbu ki, bu gün gec də olsa söhbət Aşıq Pəri sənətkarlığının böyüklüyündən, sənət dünyasına qoyub getdiyi dəfinəsinin üzə şıxardılmasından, bədii təkamülümüzün tərəqqisi yolunda oynadığı rolundan, ulu söz ustadının ədəbi sənətkarlığının tədqiqindən getməlidir.
Aşıq Pəri əsasən aşiqanə və aşıq şeir səpgisində lirik şeirlər yazmışdır. Onun şeirlərində bir tərəfdən saf məhəbbət, ana təbiət, dostluq, ədalət, təmiz və ülvi insani hisslər tərənnüm olunur, digər tərəfdən isə dünyanın vəfasızlığından, ölümün amansızlığından, hakimlərin zülmündən şikayət edilir. O, yeri gəldikcə bənzərsiz şeirlərində klassik və xalq şeir ənənələrindən, atalar sözü və hikmətli sözlərdən məharətlə istifadə edir. Həyatilik və səmimilik onun şeirlərinin əsas xüsusiyyətlərindəndir. İncə və həsas şeirlərini səlis, sadə xalq dilində yazmışdır. Bir sözlə, Aşıq Pəri şeiri xalqın şüuruna dərin izlər salmışdır. Ölməz şeirləri dildən-dilə gəzmiş, nəsildən-nəslə keçmişdir. Əfsuslar olsun ki, Aşıq Pərinin yaradıcılıq irsi yazılı ədəbiyyat yolu ilə bütövlükdə bu günümüzə gəlib çıxmamışdır. Çoxu itib-batmışdır. Külliyatının tərtib edilib üzə çıxarılmasında dövlət səviyyəsində addımlar atılmamışdır.
Aşıq Pəri müasirlərindən Məhəmməd bəy Aşiq (1776-1861), Cəfərqulu ağa Nəva (1786-1858), Mirzə Həsən Mirza (1786-1830), Tüfeyli, Əsəd bəy və Azərbaycan dilində şeirlər yazan erməni Mirzəcan Mədətov kimi şairlərlə yaxın dost olmuş, onlarla bir neçə dəfə deyişmiş və məktublaşmışdır. Həm də görünür Aşıq Pəri şeirlədində mürşidi-kamilim adlandırdığı, Qarabağ aşıq məktəbinin nümayəndələrindən biri Məhəmməd bəy Aşiqdən aşıq sənətinin sirlərini, o dövrdə Qarabağda geniş yayılmş “Vəlican”, “Nağıl kəsməşikəstə”, “Güllü qafiyə”, “Qara qafiyə” kimi saz havalarını cürə sazda çalma və məclis aparma qaydalarını da kiçik yaşlarında məhz ilkin olaraq ondan əxz etmiş, öyrənmişdir. Qeyd etmək yerinə düşər ki, artıq XX əsrin əvvəllərindən başlayaraq Qarabağ aşıq məktəbinin nümayəndələri nədənsə, cürə sazı da tarla evəz etmiş, dastanlarımızın deyişmə hissələrini bu simli alət havasında çalıb-oxuyub dinləyicilərə çatdırmağa üstünlük vermiş, həm də məclislərdə xanəndə qismində də çıxış etmişdilər.
Aşıq Pərinin şeirləri hələ keçən əsrin ortalarından ədəbiyyatçıların diqqətini cəlb etmişdir. 1856-cı ildən başlayaraq demək olar ki, bütün təzkirə və ədəbiyyat müntəxabatlarında şairənin şeirlərindən nümunələr verilmiş, müəlliflər tərəfindən Aşıq Pərinin adı qürur və iftixar hissləri ilə çəkilmişdir. Elə Aşıq Pəri haqqında ilk məlumatı M.Y.Nersesov 1856-cı ildə Teymurxanşurada (indiki Şimali Qafqazın Buynaksk şəhəri) çap etdirdiyi “Məcmueyi-Vaqif və müasirani-digər” adlı məcmuəsində vermişdir. Aşıq Pəri yaradıcılığı ilə yuxarıda adları qeyd olunanlarla yanaşı Mir Mönsün Nəvvab, Salman Mümtaz, Əlabbas Münzib (“Aşıq Pəri və müasirləri” kitabı), Məhəmmədağa Müctəhidzadə, prof. Əzizə Cəfərzadə (“Azərbaycanın aşıq və şair qadınları” kitabı), prof. Sədnik Paşayev (“Azərbaycan qadını” jurnalı), Şəhriyar Quliyev və başqaları (“Cəbrayıl” adlı tarixi oçerk kitabı), İsmayıl Kazımov və başqaları (“Cəbrayıl və Cəbrayıllılar” kitabı) kimi tədqiqatçılar da məşğul olmuşdular. Ötən əsrin sonlarına yaxın unudulmaz el sənətkarı Narınc Xatun Aşıq Pərinin xatirəsini yaşatmaq üçün Respublika miqyasında fəaliyyət göstərən “Aşıq Pəri” məclisi yaratmışdır.
Son illər gec də olsa həmvətənliləri də Aşıq Pərinin adının əbədiləşdirilməsi yolunda bir sıra addımlar atmış, işlər görmüşdülər. Ötən əsrin 80-ci illərinin sonlarında Aşıq Pərinin Maralyan kəndinin qədim məzarlığındakı qəbir yeri müəyyənləşdirilmiş, üstə kənd camaatının zuyarətgahına çevrilən məqbərə inşa edilmişdir. Maralyan kənd orta məktəbinə Aşıq Pərinin adı verilmiş, bir tipli layihə əsasında tikilmiş iki mərtəbəli məktəb binasının güllü-çiçəki həyətində tanınmış heykəltaraş Xanlar Əhmədov ( bəzi mənbələrdə səhvən Eldar Ömərov getmişdir) tərəfindən hazırlanmış Aşıq Pərinin əzəmətli heykəli ucaldılmışdır.
Bütün bunlara baxmayaraq qeyd etmək lazımdır ki, özündən sonrakı nəsillər üçün əvəzsiz bir xəzinə-məxəz qoyub getmiş Aşıq Pəri yaradıcılığı lazımi səviyyədə tədqiq olunmamış, ədəbi ictimaiyyət Aşıq Pəri fenomeninə hələ də layiq olduğu dəyəri yetərincə verməmişdir. Bu gün isə daha böyük, acınacaqlı bir durumla üz-üzəyik. Hələ də Aşıq Pəri ruhu, onun müqəddəs məqbərəsi, əzəmətli heykəli, adını daşıyan məktəb-məbədimiz düşmən taptağı altında inildəyir.
P.S. Dövlət tarix arxivində araşdırmalar apararkən-işlərkən mənə məlum idi ki, çar Rusiyası tərəfindən Azərbaycanda əhalinin siyahıya alınması zamanı sonrakı illərə baxmayaraq 1842-ci ildə kişilərlə yanaşı ailələrdəki qadınlar da adbaad qeydiyyata götürülmüşdür. Aşıq Pəri haqqında bu yazını işlərkən fond 29-da saxlanan kameral kitaba baxmaq və orada Maralyan kəndində yaşayan əhalinin qeydiyyatı siyahısına baxmaq qərarına gəldim. 3, 17 və 20-ci sıralarda 3 Pəri adına rast gəldim. Ailə başçısı kimi 3-cü sırada qeydə alınmış Pəri adlı qadın barəsindəki məlumatların, pərişünasların demək olar ki, bütün parametrlərinə uyğun gəldiyini müşahidə etdim. Əlinin dul qadını kimi qeydə alınan bu qadının 40, oğlu Məhərrəmin 25, oğlu Əlinin 12 yaşda olduğu göstərilir. Sonra qeyd aparılır ki, 40 yaşlı Pəri və 12 yaşlı kiçik oğlu Əli vəfat etmişdir. Aşıq Pərinin ölümü ilə əlaqədar Prof. Əzizə Cəfərzadə yazır: “...bütün mənbələr onun gənckən vəfat etdiyini göstərirlər. Təxminimizə görə bu ötən yüzilliyin qırxıncı illərinə təsadüf edir.” 1849-cu ilin syahıya alınmasında görsənir ki, oğlu Məhərrəm həyatını davam etdirir. Prof. Sədnik Paşayev Aşıq Pərinin oğul nəticəsindən söz açır. Pərinin kiçik oğlu Əli isə həyatını 12 yaşında qeyb edir. Aşıq Pəri “Eylədin” adlı şeirində oğlunun ölümünə bais olmuş ağacı yamanlayaraq yazır:
Balam kimi novcavanı
Yer ilə yeksan eylədin.

Məntiqə söykənərək siyahıda qeydə alınan Pəri haqqında daha nələr söyləyə bilərik: (1) Böyük oğlunun 25 yaşda olması onu göstərir ki, Pəri 14-15 yaşlarında ərə gedib; (2) boylu Pəri həyat yoldaşını 18-20 yaşlarında itirdiyindən kiçik oğlu dünyaya gəlir və ona ərinin adını qoyur. Alman şərqşünası A.Berje yazır ki, Aşıq Pəri 18 yaşında zühur elədi. Əgər qeydiyyatdakı Pərini Aşıq Pəri hesab etsək ağla batan fikirlər söyləyə bilərik. Hələ kiçik yaşlarından oxuyub-çalmağı öyrənən və şeir-sənət xiridarı olan Aşıq Pəri dul qaldıqdan sonra həm ailəsini dolandırmaq, həm də coşub-daşan içini boşaltmaq üçün aşıq tək meydana çıxmağa məcbur idi. Pərişünasların yazdıqları kimi təbi vergili olduğundan bədahətdən söz deməsi, toy-düyünlərdə çalıb-oxuması, şeirləşmə, deyişmə məclislərində iştirak etməsi, hazırcavablığı tez bir zamanda onu bütün Qarabağda məşhurlaşdırmışdır. Əlbəttə, Aşıq Pərinin o dövrün çərçivəsinə sığmayan açıq-saçıq geyinib-gəzməsi, bəzənməsi, ədəbi dilə sığmayan sözlərlə o dövrün kişi aşıq və şairləri ilə deyişmələrə çıxması, onlarla oturub-durması, dostluq etməsi, özünü nə qədər kəskin aparsa da yerli-yersiz hücumlara məruz qalacağı gözlənilən idi. Görünür mühavizakar həmkarlarının, həmkəndlilərinin yersiz və haqsız hücumlarından, arada gəzən dedi-qodulardan, sözbazların xoşa gəlməz söz-söhbətlərindən qorunmaq üçün aşiqlər aşiqi Aşıq Pəri könül verib-verməməsindən asılı olmayaraq özünə münasib bildiyi, Molla Məmməd Fəqir imzası ilə cızma-qara şeirlər yazan həmkəndlisinə ərə getməyə qərar verir. Lakin evlilikdən sonra Molla Məmməd Fəqir öz qısqanclığı ucbatından Aşıq Pəriyə gün verib işıq vermir, ağ gününü qara əsgiyə bükür, onu məclislərə buraxmır. Hətta şeir yazmağı belə ona qadağan etmə cəhdi ilə aşiqlər aşiqi Aşıq Pəriyə bir sürgün həyatı bəxş etmiş olur. Onu vərəmlədir və gənc yaşlarında həyatını qeyb etməsinə səbəb olur. Filologiya elmləri üzrə fəlsəfə doktoru Tariyel Abbaslı 2009-cu il tarixli “Mingəçevir leysanı” ədəbi-bədii jurnalının 4-cü sayında dərc etdirdiyi “Maralyanlı Aşıq Pəri” məqaləsində yazır: “...Molla Məmməd adlı birisinə könlü olmadan ərə gedən sərv boylu şairə, onun işgəncələrinə tab gətirə bilmədiyindən sənət aləmindən də uzaqlaşdı və cavan yaşlarında dünyasını dəyişdi. Molla Məmmədə həsr etdiyi bir şeirdə şairənin müsübətli ailə həyatı indinin özündə də adamın ürəyini sızladır:

Sarıbalaq, nə durmusan qəsdimə,
Qəm ləşkəri hücum çəkir üstümə.
Heç qoymursan qələm alım dəstimə,
Ərzi-halım bəyan edim, neyləyim?..”

Söz ardı: Əlbəttə, 1842-ci ilin siyahıyaalmasında yaşın 40 yazılması təqribidir. Ölüm qeydiyyatı da ola bilsin ki, 1849-cu ildəki siyahıyaalma zamanı artıq həmin adamların vəfat etməsi ilə əlaqədar olaraq aparılıb. Ona görə də mən ziyalıların və Maralyan kənd sakinlərinin ümumi rəyə gələrək Aşıq Pərinin doğum-ölüm tarixinin onun məqbərəsi üstə və heykəlinin podstamentindəki 1813-1848 rəqəmləri ilə tam razılaşıram və bu cür də yazılmasını qəbul edirəm. Lakin məhkəmə-tibb eksperti kimi çıxış edərək Aşıq Pəri 25 yaşında Molla Məmmədə ərə gedib, ailəli ola-ola Molla Məmməd onu zorla özünə arvad edib, sonra da bakirə çıxdığını camaata elan edib kimi yazılı mənbəyi olmayan cəfəng, elmi əsası olmayan qurama yazılarla Aşıq Pərinin həyatına müdaxilə etmək Aşıq Pəri böyüklüyünə hörmətsizlikdən başqa bir şey deyildir. Qaldı bu gün “Aşıq Pəri Mirzəcan Mədətova ərə gedib” kimi sarsaq yazılar yazan, sayıqlayan sərsəmlərə, Aşıq Pərinin Mipzəcan Mədətovun sevgisinə verdiyi iki misralıq cavabını çatdırmaq, əzbərlətmək kifayətdir:

“Pəriyəm, mən sənə baxan deyiləm,
Müjqanın sinəmə taxan deyiləm!”.

Ümumiyyətlə, Aşıq Pərini, Həcəri (Həcərin Nəbinin ölümündən sonra erməniyə yox, öz həmkəndlisinə ərə getməsi söhbəti olub. Burada qəbahətli nə var ki) erməniyə ərə verən qarayaxanlara bildirmək istəyirəm ki, sovet idealogiyası beynimizə beynəlmiləlçilik zəhəri dolduranadək min illər boyu bir nəfər də olsun azərbaycanlı qızı erməni kişisinə ərə getməyib. Bəlkə sovet dönəmində barmaqla sayılacaq əks hal baş vermiş olsun. Ancaq min illər boyu şahlarımız, xanlarımız, minlərlə azərbaycanlı kişisi, adını məhəbbət qoyub dünyaya fahişəlik toxumu səpən minlərlə erməni qadını, harsın axçisi alıb, ocağı başında özünə düşmən balası bəsləyibdi. Halbu ki, nə xalqın yaddaşından doğan “Əsli-Kərəm” adlı məhəbbət dastanında, nə də saf sevgidən bəhs edən “Bahadır və Sona” povestində, biz nə qədər də bu əsərləri beynəlmiləlçilik zəmnində yarandığını və yazıldığından bəhs etsək də, qürur mənbəyimiz kimi qələmə versək də, nə müdrik babalarımız, nə də müdirik yazıçımız son məqamda azərbaycanlı kişisinin erməni qadınına qovuşmasına imkan verməmişdilər. Bu göstərici yenə də bizə ibrət dərsi olmamışdır. Əgər yuxarı da ünvanlarına söz dediyim sərsəmlər özlərini namus, qeyrət keşikçisi-elçisi görmək istəyirlərsə, ilk növbədə erməni qadını ilə evlənən azərbaycanlı kişilərini lənətləsinlər. Azərbaycan qadını haqqında söz deyəndə ona hörmətlə, ehtiramla yanaşsınlar. Mən bir daha təkrar edirəm ki, milli varlığımızın, dilimizin yaşantısı üçün biz yalnız və yalnız Azərbaycan qadınına, onun varlığına borcluyuq!!!
İçsəsim: Biz bu gündən səy göstərməliyik ki, Azərbaycan qadın aşıq sənətinin banisi, Cəbrayılın incisi, aşiqlər aşiqi Aşıq Pərinin 2013-cü ildə anadan olmasının 200 illiyinin dövlət səviyyəsində qeyd edilməsinə, Aşıq Pəri külliyyatının toplanıb nəfis şəkildə çap olunmasına nail olaq.